Martın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər.
"Azərbaycanın Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatı: maraqlı tərəflərlə məsləhətləşmələr" mövzusuna həsr edilmiş tədbiri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili açaraq ölkəmizin Dünya Bankı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq qurumun keçirdiyi tədqiqatlara və layihələrə önəm verdiklərini vurğulayıb. Komitə sədri son illər dünya və ölkə iqtisadiyyatlarının qarşılaşdıqları çətinliklər fonunda iqtisadi siyasət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın xüsusi önəm kəsb edə biləcəyini bildirib.
Görüş üçün təşəkkür edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Milli Məclisdə ilk dəfə olduğunu və bundan böyük məmnunluq duyduğunu bildirib. Cari ildə Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin tamam olduğunu deyən Sara Maykl ikitərəfli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını açıqlayıb.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri bugünkü görüşdə deputatların diqqətinə Dünya Bankının Azərbaycan üzrə apardığı Ölkənin Sistematik Diaqnostikası Tədqiqatının (ÖSDT) yekunlarını təqdim edəcəklərini bildirib.
Təqdimatdan əvvəl Dünya Bankının Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlı məlumat verib ki, Dünya Bankı hər bir ölkədə fəaliyyətinin bir neçə ilini əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasını hazırlamazdan əvvəl, Ölkənin Sistematik Diaqnostikası Tədqiqatını (ÖSDT) aparır. Hal-hazırda Azərbaycan üzrə tədqiqatın ilkin nəticələri ölkə parlamentinə təqdim olunacaq və sənədlə bağlı deputatlarla məsləhətləşmələr aparılacaq.
Sonra aparıcı müəllif Alan Fuks Tarlovski “Azərbaycan: Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) Yeniləməsi” təqdimatını iştirakçıların diqqətinə çatdırıb.
Alan Fuks Tarlovski Dünya Bankının ölkədəki fəaliyyəti üçün ÖSDT-in aktuallığı, onun ilkin nəticələri barədə məlumat verib, məqsədini, strukturunu açıqlayıb. Layihənin aparıcı müəllifi tədqiqat nəticəsində müəyyən edilmiş əsas çağırışlar barədə millət vəkillərinə ətraflı izahat verib.
Təqdimatdan sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Rüfət Quliyev, Vüqar Bayramov sənədin müzakirəsində çıxış ediblər.
Deputatlar Azərbaycan və Dünya Bankı arasındakı əlaqələrin tarixinə toxunublar, qurumun ilk müstəqillik illərindən bizimlə əməkdaşlıq etməsini yüksək qiymətləndiriblər. Onlar Dünya Bankının “Azərbaycan: Ölkə üzrə Sistemli Diaqnostik Tədqiqatı”nın əhəmiyyətini vurğulayaraq sənədlə bağlı fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
Söhbət zamanı iqtisadiyyatın müasir çağırışlar fonunda gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, həmçinin Dünya Bankının nümayəndələri iştirak ediblər.