AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının rəsmi heyətini qəbul edib

  • + A
  • - A
  • 10-08-2022, 20:10

    Nazir Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının rəsmi heyətini qəbul edib



    Azadmedia.az - 10 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Təkbətək görüşdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nazirlər arasında geniş tərkibdə görüş keçirilib.

    Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Əlcəzairin müstəqilliyinin 60 illiyi münasibətilə səmimi təbriklərini çatdırıb. Nazir Azərbaycanla Əlcəzair arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. İki ölkə arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışan nazir, 2019-cu ilin oktyabr ayında Əlcəzairin keçmiş Prezidenti Abdelkader Bensalahın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana tarixi səfərini və Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü, 30 iyun – 1 iyul 2022-ci il tarixlərində Əlcəzairin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirakını, habelə Qoşulmama Hərəkatının Gənclər Sammittində Əlcəzair nümayəndəsinin iştirakını məmnunluqla qeyd edib.

    Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra səmimi qəbula görə minnətdarlığını bildirib və ölkələrimiz arasında mövcud siyasi dialoqun və ikitərəfli təmasların intensivliyinin qorunub saxlanılmasının vacibliyini qeyd edib. Xarici İşlər Nazirlikləri və ölkələrimizin müxtəlif qurumları arasında dialoqun daha da genişləndirilməsi, energetika və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, icmalar arasında dostluq qruplarının yaradılması kimi məsələlərə vurğu edib. Nazir Lamamra Əlcəzairin Qoşulmama Hərəkatının təsisçi üzvlüyündən və sədrlikləri dövründə fəaliyyətlərindən bəhs edib, 2019-cu ildən etibarən Azərbaycanın sədrliyi çərçivəsində ölkəmizin irəlilətdiyi təşəbbüslərin əhəmiyyətli olduğunu bildirib. Yaxın Şərqdə gedən siyasi proseslər, Ərəb Dövlətləri Liqası və Afrika Birliyi çərçivəsində görülən işlər barədə məlumat verib. Beynəlxalq müstəvidə hər bir problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacib olduğunu bildirib.

    Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ölkəmizə qarşı təcavüzü, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərin yenidən qurulması, sülh quruculuğu ilə bağlı Azərbaycan tərəfindən görülən genişmiqyaslı işlər barədə ətraflı məlumatı qonağın diqqətinə çatdırıb. Ermənistanın öhdəliklərinə zidd olaraq apardığı fəaliyyət və sülh quruculuğuna törətdiyi maneələr barədə məlumat verilib. Əlcəzairin ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsini birmənalı olaraq dəstəklədiyi və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif qətnamələrin qəbulu zamanı nümayiş etdirdiyi vurğulanıb.

    Dövlətlərimiz arasında ikitərəfli çərçivə ilə yanaşı, çoxtərəfli beynəlxalq və regional formatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

    Görüşdən sonra, nazirlərin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Protokol”un və “Azərbaycan Respublikası Hökuməti və Əlcəzair Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

    Daha sonra, mətbuat brifinqində Nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR