Britaniyalı analitik, Karnegi Fondunun aparıcı tədqiqatçısı Tom de Vaal Ermənistan və Azərbaycan arasındakı vəziyyətə dair yeni məqalə ilə çıxış edib.
Yenixeber.org-un məlumatına görə, Tom de Vaal 2024-cü ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası ehtimalına toxunub.
Onun fikrincə, 2024-cü il həm Ukraynada, həm də Cənubi Qafqazda Avropa siyasətçiləri üçün kritik və eyni zamanda sınaq ili olacaq.
Analitik bildirib ki, iki ölkə arasında münasibətləri normallaşdıracaq sülh sazişi üzrə danışıqlar davam edərkən, Ermənistanın cənubunda tarixən Zəngəzur kimi tanınan Sünik bölgəsində vəziyyət təhlükəli həddə qalır.
Prezident İlham Əliyevin yenidən dövlət başçısı postuna seçlməsinə toxunan Tom de Vaal qeyd edib ki, Azərbaycan lideri heç vaxt bu qədər arxayın görünməmişdi.
Britaniyalı analitik yazır ki, Qarabağ əməliyyatı son ana qədər münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışan Azərbaycanla Qərb arasında münasibətlərin soyumasını sürətləndirdi. Bu o vaxta təsadüf edir ki, Ermənistanla Rusiya arasında münasibətlərdə böyük çat yaranıb, Avropa İttifaqı Ermənistanla əməkdaşlığını gücləndirib.
Tom de Vaal qeyd edib ki, Azərbaycan lideri İlham Əliyev iki böyük qonşusu ilə yaxşı dil tapıb: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx ittifaq və Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı faydalı tərəfdaşlıq qurub.
Analitik xatırladıb ki, Brüssel və Vaşinqtonda Qərbin köməkliyi ilə aparılan Ermənistan-Azərbaycan danışıqları ötən ilin yayından dayandırılıb. Sülh sazişinin mətni üzərində işləyən Ermənistan və Azərbaycanın milli təhlükəsizlik müşavirlərinin rəhbərlik etdiyi ikitərəfli proses isə qalır.
Tom de Vaalın fikrincə, vasitəçilərin olmadığı ikitərəfli sülh prosesinin üstünlüyü var ki, heç bir xarici gündəm və ya eqoizm razılaşmaya mane ola bilməz. Amma erməni tərəfi həm də ondan ehtiyat edir ki, asimmetrik vəziyyətdə Bakı İrəvanı güc tətbiq etməklə hədələyərək, güzəşt tələb edib öz gündəmini gerçəkləşdirə bilər.
Tom de Vaal bildirir ki, tərəflərin razılığa gəlməsi üçün qarşıda üç əsas maneə var. Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsidir ki, burada sovetlərin müxtəlif dövrlərinə aid çoxsaylı xəritələrdə xətlərin hara çəkilməli olduğu barədə müxtəlif şərhlər verilir.
İkinci məsələ sülh sazişinin davamlılığını təmin etmək üçün hansı beynəlxalq təminatlara və mübahisələrin həlli mexanizminə ehtiyac duyulacağıdır. Ermənilər mümkün qədər çox beynəlxalq dəstək, azərbaycanlılar isə minimal iştirak istəyirlər.
Üçüncü məsələ isə Azərbaycanın əsas hissəsini onun Türkiyə ilə həmsərhəd olan Naxçıvan ərazisini birləşdirən 43 kilometrlik dəhliz və ya tranzit marşrutunun açılmasıdır. Ermənistan ərazisindən keçən və uzun müddətdir bağlı qalan marşrutın açılması olduqca mübahisəli məsələdir.
“Azərbaycan öz ərazisinin Ermənistandan mümkün qədər az nəzarətə malik olacaq iki hissəsi arasındakı marşrutun yenidən birləşdirilməsində maraqlıdır. Ermənistan strateji əhəmiyyətli cənub sərhəd ərazisinin suverenliyini və təhlükəsizliyini əldən vermək istəmir”, - analitik yazır.
Tom de Vaalın firkincə, ikinci məqamda Qərbin güclü strateji marağı var, hətta üçüncü məqamda - Zəngəzur dəhlizi deyilən məsələdə də.
Azərbaycan təkid edir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri Zəngəzur dəhlizindən keçən dəmir yolu və avtomobil yollarını qorusun. Rəsmi Bakı bu məsələdə 2020-ci ilin noyabrında imzalanmış Ermənistan-Azərbaycan-Rusiya üçtərəfli atəşkəs bəyanatına istinad edir ki, həmin məqam sənəddə açıq şəkildə qeyd olunub, baxmayaraq ki, razılaşmanın qalan hissəsi artıq qüvvədən düşüb. Yanvarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir daha bəyan edib ki, sazişin bu hissəsi həyata keçirilməlidir.
Ermənistan tərəfi də öz növbəsində Rusiyanın təsirindən, o cümlədən Sovet İttifaqı dağılandan sonra orada yerləşdirilən sərhədçilərdən xilas olmağa çalışır. İrəvan düşünür ki, əgər ruslar Zəngəzurda Azərbaycanın istəyi ilə qalsa, bu, ciddi strateji zərbə olar.
Tom de Vaala görə, Ermənistan belə bir fərziyyədən çıxış edir ki, Bakı ilə Moskva arasında Ankaranın razılaşdığı məqam var. Ruslar üçün tranzit marşrutuna nəzarət böyük uğur olardı. Rusiya və İranı birləşdirən və onilliklər ərzində ilk dəfə olaraq Fars körfəzinə aparan dəmir yolunun bir hissəsinə nəzarət onlara rəsmi olaraq verilə bilər. Bu, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa edə biləcəyi əsas şimal-cənub dəmir yolu marşrutu olacaq, çünki Ukrayna ilə müharibə və Qərblə qarşıdurma uzun müddət davam edəcək.
“Narahatedici ssenari ondan ibarətdir ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini almayana qədər sülh sazişi imzalanmayacaq. Yəni 2024-cü ildə Ermənistan çox güman ki, Bakı və Moskvanın güclü təzyiqi altında qalacaq, onlar müxtəlif üsullardan istifadə edərək nə İrəvanın, nə də Qərb dövlətlərinin razı olmadığı Zəngəzur dəhlizi planını həyata keçirməyə can atacaqlar”, - analitik yazıb.
Tom de Vaalın fikrincə Ermənistan-Azərbaycan sərhədindən baş verən son insident çox diqqətlə izlənilməlidir. Çünki bu kimi kiçik toqquşmalar yeni münaqişəyə və bütün region üçün ölümcül nəticələrə gətirib çıxara bilər.(Modern)