UKRAYNA POLŞA HƏRBÇİLƏRİNƏ TƏLİM KEÇƏCƏK
Ukrayna və Polşa müdafiə nazirləri yeni hərbi əməkdaşlıq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Ukrayna Polşa hərbçilərinə və mühəndislərinə pilotsuz uçuş aparatlarına qarşı müdafiə üzrə təlim keçəcək.
Razılaşma barədə məlumat Kiyevdə keçirilən birgə mətbuat konfransında açıqlanıb. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, təlimlər Polşanın cənubundakı Lipa kəndində keçiriləcək.
Ukraynanın müdafiə naziri Denis Şmıhal isə vurğulayıb ki, məqsəd yalnız pilotsuz aparatların məhv edilməsi deyil, həm də hava məkanının müdafiəsi üçün kompleks sistemin tətbiqidir. Nazir əlavə edib ki, Ukraynanın təcrübəsi Polşanın hava təhlükəsizliyini gücləndirmək üçün bölüşüləcək.
Bu addım Polşa və NATO qüvvələrinin ötən həftə ölkə hava məkanını pozan 20-dən artıq pilotsuz aparatı vurmasından sonra atılıb. O zaman döyüş təyyarələrinin buraxdığı bahalı raketlər, Rusiyanın nisbətən ucuz istehsal etdiyi dronların məhv edilməsi üçün istifadə olunmuşdu.
Rusiya həmin hücumun Ukraynaya qarşı həyata keçirildiyini, Polşanın hədəf olmadığını bildirmişdi.
Ukrayna tərəfi isə kütləvi dron hücumlarına qarşı daha səmərəli və ucuz üsullar tətbiq etdiyini bildirir. Bunlara kəşfiyyat və izləmə sistemləri, elektron mübarizə vasitələri və xüsusi müdafiə dronları daxildir.
Ukraynanın müdafiə naziri qeyd edib ki, Polşalı hərbçilərin təlim proqramına bütün bu elementlər daxil ediləcək və tərəflər hava məkanının müdafiəsini birlikdə gücləndirəcəklər.
Prezident Volodimir Zelenski isə Qərbin dəstəyi ilə müdafiə dronlarının istehsalının artırılmasını prioritet elan edib.