Azərbaycanda son zamanlar hərbi xidmətə çağırış sistemində islahatlar aparılır. Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
Səfərbərlik Xidmətinin bu yaxınlarda dərc etdiyi rəsmi açıqlamada deyilir ki, 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb. Qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Prezidentin imzaladığı sərəncamla bu ilin iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bundan sonra da islahatların davam edəcəyi gözlənilir.
Hərbi çağırış sistemində yeniliklər və dəyişikliklər nə vəd edir? Görülən işlər nəyə hədəflənib? Rüşvətlə xidmətdən yayınmalara qarşı mübarizə güclənəcəkmi?
“Kişilik məktəbi”ni keçmək önəmlidir və lazımdır
Məsələ ilə bağlı danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çağırışçının səhhəti ilə bağlı yekun qərarın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsinin faydalı proses olduğunu söyləyib:
“Çağırışçıların tibbi şəhadətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmana görə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, həqiqi hərbi xidmətə yararsızlıq və müvəqqəti yararsızlıq haqda yekun qərar vahid mərkəz – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək. 2024-cü ilin iyul ayının 1-dən çağırışçılar əvvəllər olduğu kimi ilkin olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarındakı hərbi həkim komissiyalarından keçəcəklər. Əgər sağlamlıqla bağlı hər hansı hal aşkar olunarsa, nazirliyin nəzdində olan mərkəzə yönəldiləcəklər və həmin hal üzrə yekun qərar nazirlik tərəfindən veriləcək. Bunun da nəticəsində tibbi şəhadətləndirmə prosesində şəffaflıq və obyektivlik təmin ediləcək. Həmçinin bu yenilik həmin şəxslər müəyyən yaşa çatdıqdan sonra onlara əlillik dərəcəsinin verilməsi prosesinə də öz müsbət töhfəsini verəcək”.
P.Sədrəddinov fərmanın icrasını təmin etmək məqsədilə işçi qrupunun yaradıldığını və texniki məsələlərin həll edilməsi istiqamətində işlərin aparılıdığını vurğulayıb:
“1 iyul 2024-cü il tarixdən sonra fəaliyyət göstərəcək vahid mərkəzdə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılığının müəyyən edilməsi prosesi daha rahat həyata keçiriləcək, həmçinin bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi əldə ediləcək. Onu da qeyd etmək lazımdır ki, vətəndaşların həqiqi hərbi xidmətə getmələri üçün cəmiyyətdə maarifləndirmə tədbirlərinin keçirilməsi zəruridir. Azərbaycan suverenliyini və sərhədlərini tam bərpa etdikdən sonra müharibəsiz, dinc şəraitdə cəmiyyətdə həqiqi hərbi xidmətə gedib, Vətənə xidmət etmək hallarına müsbət təsir göstərəcək. Hərbi xidmətdən boyun qaçırmaq istəyənlərə ictimai qınağın olması da ordu sıralarının komplektləşməsinə müsbət təsir göstərəcək. Artıq hamı anlamalıdır ki, sağlamlıq və digər meyarlara görə uyğunsuzluq yoxdursa, həqiqi hərbi xidmətə yollanıb, “kişilik məktəbi”ni keçmək önəmlidir və lazımdır”.
Yoxlamalar xidmətdən yayınmaların qarşısını alacaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mühüm qurumlardan biri olduğunu, buna görə də şəffaflığa böyük zərurət olduğunu qeyd edib:
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsi, müddətli hərbi xidmətə çağırışın hazırılığı, xüsusi hərbi ixtisas üzrə hazırlıq və Silahlı Qvvələrin sülh dövründə çağırışçılarla, müharibə dövründə birləşmələrin yaradılması kimi ən mühüm məsələləri həyata keçirən qurumdur.Burada ən mühüm məsələ şəffaflığın təmin edilməsidir. Son bir ildə bu sahədə çox ciddi işlər görülür. Qurmun özünün hesabatında da korrupsiya ilə mübarizə və şəffaflığın artırılması istiqamətində görülən kompleks tədbirlərlə tanış olduq. Burada yeni rəhbər təyinatının da rolu var. 2023-cü ilin 17 aprelində Mürsəl İbrahimov rəhbər kimi təyin olundu. Bu qurum çox mühüm təsisatdır. Vətəndaşların sıx ünsiyyətdə olduğu bir qurumdur. Buna görə də orada şəffaflığın təmin olunması rəhbər və onun komandasında çox asılıdır. Qurumun hesabatına görə, ötən il 70-dən çox əməkdaş müvafiq cəzalar almış, 2024-cü ildə isə 58 əməkdaş barəsəində intizam tənbehi görülüb. Bir neçə fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün artıq Azərbaycan Baş Prokurorluğuna göndərilib”.
Deputat bir çox məsələlərin vətəndaşlardan da asılı olduğunu bildirib:
“Xaricdə təhsil alan tələbələrin saxta sənədlər təqdim etməsi və ya digər yollarla müddətli həqiqi hərbi xidmətdən yayınma məsələlərinin qarşısının alınması istiqamətində xidmətin yerli qurumları çox ciddi işlər aparır. Bir sözlə, çox mühüm yeniliklər edilir. Görülən işlər bir daha qeyd edirəm ki, sözügedən sahədə şəffaflığa istiqamətlənib. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Hətta son vaxtlardakı təyinatlara gəldikdə, KİV və sosial şəbəkələrdə də görülür ki, bu gün haradasa, zabit işləyən şəxsin rayonların birində müvafiq quruma rəhbər təyin olunması özünə birbaşa bildirilir. Bunlar çox mühüm məsələlərdir. Son zamanlar tətbiq olunan ikili yoxlamalar da xidmətdən yayınmaların qarşısını alacaq. Bu istiqamətdə mübarizə güclənib. Xidmətin rəhbərliyinə bu işlərdə müvəffəqiyyət arzulayıram. Düşünürəm ki, bizim vətəndaşlardan da çox şey asılıdır. Düşünmək lazmdır ki, bizim daxili və xarici siyasətimiz əsasən suverenliyimizin və ərazi bütövlüyümüzün və hər bir azərbaycanlının rifahının qorunmasıdır. Yəni Ali Baş Komandanın da bu qurum qarşısında qoyduğu əsas vəzifələr təxminən bu istiqamətdədir.Bu qurum da öz üzərinə düşən funksiyaları yerinə yetirməyə qadirdir. Hesab edirəm ki, qurum öhdəliklərini yerinə yetirəcək. Çünki bunların əsas məqsəd və məramı suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyan əsgərlərimizin yetişdirilməsi və çağırışın yüksək səviyyədə təmin edilməsidir”.(Modern)