Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fransanın daxili işlər naziri Jerald Darmanin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı ölkəmizə qarşı tamamilə əsassız və dövlətlərarası münasibətlərdə ümumiyyətlə yol verilməyən ifadələrdən istifadə etmişdir.
Parisdən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyanın yerli əhalisi – kanakların fundamental hüquqlarına toxunan və 1998-ci ildə imzalanan Numey razılaşmasının müddəalarını pozan konstitusiyon islahat cəhdi ciddi müqavimətlə üzləşib. Yeni Kaledoniyada son on ildə yaşayan fransız vətəndaşlarına regional seçki qanunvericiliyinə dəyişiklik edilməsi yolu ilə seçki hüququnun verilməsi de jure və de fakto kanakların azlıqda qalmasına, onların müxtariyyat hüquqlarının məhdudlaşdırılmasına qətirib çıxaracaq. Tamamilə iflasa uğrayan bu cür neokolonial siyasətə qarşı haqq səsini qaldıran dinc insanlara qarşı ordu və polis qüvvələri tətbiq edilib.
Hazırda əhalisi 300 min olan Yeni Kaledoniada 112 min kanak yaşayır və fransız seçicilərin sayının süni şəkildə artırılması siyasi müstəvidə yerli əhalinin rolunun əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. Budur məsələnin əsas mahiyyəti. Uzun illərdən bəri erməni separatizmini açıq-aşkar dəstəkləyən, bir çox rəsmi şəxsləri qanunsuz olaraq Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərinə səfər edən, müharibə canilərini məmnuniyyətlə qəbul edən, ölkəmizin diplomatik nümayəndəliyinə millətçi ermənilərin hücumlarına göz yuman Fransa baş verən hadisələrin səbəblərini öz uzunmüddətli neokolonial və XXI-ci əsrin reallıqları ilə uzlaşmayan siyasətində axtarmalıdır.
Müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirən dövlətimiz fundamental insan hüquqlarına qarşı yönələn meyylərlə qarşı öz haqq səsini ucaltacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir və neokolonializmlə mübarizə mövzusunun bütün mümkün platformalar vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.