Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirib.
Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi Klod Vislerin fikirlərinə münasibət bildirib.
Qeyd olunub ki, Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir.
Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında “fransız üslubu”nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər.
Mövcud reallıqları isə təhrif etmək mümkün deyil. Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Səkkiz şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və Yer üzündən silinib.
Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edib. Bu gün Lüksemburqdan dörd dəfə böyük olan ərazilər böyük səylər hesabına bərpa olunur və yenidən qurulur. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır.
Otuz illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır. Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının isə regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə çalışdığı şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz “dəstəyini” başqa istiqamətlərə yönəltməyi şiddətlə tövsiyə edirik.
Ermənistan tərəfinə isə xatırlatmaq istərdik ki, regiondan kənar üçüncü tərəflərin regionda baş verən proseslərə dair birtərəfli yanaşmalarının, uydurma və yalanlarının alqışlanması və dəstəklənməsi nə sülh prosesinə, nə də etimad quruculuğuna yönəlmiş addımlara fayda gətirmir.