Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.
Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.
Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri olaraq Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış COMCEC Koordinasiya Şurasını yaradıb və ona rəhbərlik edib.
Yakış 2001-ci ildə Xarici İşlər Nazirliyindən təqaüdə çıxıb və AKP-nin qurucu üzvü kimi siyasətə daxil olub. O, eyni zamanda AKP sədrinin müavini və Mərkəzi İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Yakış 3 noyabr 2002-ci ildə keçirilən seçkilərdə Düzcedən millət vəkili seçilib, 18 noyabr 2002-ci ildə isə xarici işlər naziri vəzifəsinə təyin edilib.
AKP hakimiyyətinin ilk XİN başçısı olan Yaşar Yakış 28 mart 2016-cı ildə partiyadan xaric edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.