Putinin tənqidçisi olan rəssamı Polşada öldurməyə görə Elnur.A. adlı azərbaycanlı ittiham edildi.
Lublin Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə İdarəsinin (PZ PK) prokuroru bu gün Gürcüstan vətəndaşı Elnur A.-ya 2026-cı il iyunun 15-də Biala Podlyaskada Rusiya Federasiyası vətəndaşı Robert K.-nı ona tərəf odlu silahdan 5 dəfə atəş açaraq öldürmək ittihamını irəli sürüb (Polşa Cinayət Məcəlləsinin 148-ci maddəsinin 1-ci bəndi).
Bu barədə Milli Prokurorluq cümə günü gec saatlarda məlumat verib.
“Şübhəli şəxs qismində dindirilən Elnur A. ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib və ifadə verməkdən imtina edib. Qaçıb gizlənmə ehtimalının, istintaqa mane olma riskinin mövcud olması, həmçinin ağır cəza təyin edilə biləcəyi nəzərə alınaraq, prokuror bu gün şübhəli barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Lublin şəhərindəki Lublin-Zaxod Rayon Məhkəməsinə vəsatət təqdim edib”, — deyə məlumatda bildirilir.
Gürcüstan pasportu ilə hərəkət edən Elnur A. cümə axşamı səhər Varşava yaxınlığındakı Piastov şəhərində yerləşən hostellərdən birində saxlanılıb. Cümə günü saat 20:00 radələrində o, Lublindəki Milli Prokurorluğun şöbəsinə gətirilib, burada dindirilib və ona rəsmi ittiham elan olunub.
Məlumata görə, qurbanın yanına bir kişi yaxınlaşaraq tapançadan iki dəfə atəş açıb. Zərərçəkən yerə yıxıldıqdan sonra hücumçu ona yaxınlaşıb və yaxın məsafədən daha üç dəfə atəş açıb.
Meyitin müayinəsi zamanı ümumilikdə 7 güllə yarası aşkar edilib:
baş nahiyəsində,
döş qəfəsində,
kürək hissəsində.
Bunlardan 5-i giriş, 2-si isə çıxış güllə yarası olub.
Qətlə yetirilən şəxs Rusiya Federasiyası vətəndaşı, mediada Semyon Skrepetski adı ilə tanınan bir sənətçi olub. O, karikaturaçı və satirik kimi Vladimir Putini, həmçinin Aleksandr Lukaşenkonu və Ramzan Kadırovu tənqid edir və lağa qoyurdu.
Onun əsl adı Robert Kuzovkov idi. O, 2021-ci ildə Polşaya köçmüşdü. Öz sözlərinə görə, vətənində siyasi təqiblərlə üzləşmək təhlükəsi vardı.
Xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh nazir müavini, general Radoslav Kuyava cümə axşamı parlamentdə (Seymdə) bildirib ki, təhlükəsizlik xidmətləri rusiyalı şəxsi üzləşə biləcəyi təhlükə barədə xəbərdar etmişdilər. Lakin o, yalnız şəxsin öz müraciəti əsasında təqdim edilən mühafizədən istifadə etmək istəməmişdi.
ONET Lublin.