Quba rayonunun Qəçrəş yolu üzərində yerləşən "Alma Bağı" hotelində qonaqlar arasında baş vermiş dava ilə bağlı məhkəmə araşdırması davam edir.
"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən ilin qışında baş verib. Hotelin 314 nömrəli otağında qalan 31 yaşlı Kənan İsmayıllı dostu Mahir və iki qadın tanışı ilə istirahət edirdi. Qonşuluqdakı 312 nömrəli otaqda isə Ceyhun Nəcəfov ailəsi ilə birlikdə qalırdı.
İddiaya görə, gecə saatlarında 314-cü otaqdan yüksək səslə musiqi səslənib və nalayiq ifadələr işlədilib. Ceyhun Nəcəfov əvvəlcə bu barədə hotel əməkdaşlarına məlumat verib. Səs-küy davam etdiyindən o, sonradan 314-cü otağın qarşısına gedərək qapını döyüb. Kənan İsmayıllı qapını açdıqdan sonra tərəflər arasında mübahisə yaranıb və dava başlayıb.
Münaqişəyə Ceyhun Nəcəfovun bacanağı Xəqani Əliyev və digər qohumları da qoşulub. Gərginlik yalnız polis əməkdaşlarının müdaxiləsi ilə sona çatıb.
İstintaqın nəticələrinə əsasən, Ceyhun Nəcəfov zərərçəkmiş, Kənan İsmayıllı isə təqsirləndirilən şəxs kimi tanınıb. Buna səbəb tibbi ekspertiza rəyi olub. Rəyə görə, Ceyhun Nəcəfovun burun sümükləri sınıb, Kənan İsmayıllının aldığı xəsarətlər isə sağlamlığa zərər vurma dərəcəsində qiymətləndirilməyib.
Kənan İsmayıllı məhkəmədə özünü təqsirli saymadığını bildirib. O iddia edib ki, hotelin dəhlizində Ceyhun Nəcəfov və onun qohumları tərəfindən yerə yıxılaraq döyülüb, hadisə təhlükəsizlik kameralarında da əks olunub. Onun sözlərinə görə, ekspertiza davadan altı gün sonra keçirilib və buna baxmayaraq qarşı tərəfin daha ağır xəsarət aldığı göstərilib.
Apellyasiya şikayətində Kənan İsmayıllı Ceyhun Nəcəfovun İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin müdiri olduğunu qeyd edərək, bu amilin istintaqın gedişinə təsir etdiyini iddia edib. O, təhlükəsizlik kamerası görüntülərinin sübut kimi qəbul edilməsini və işə yenidən baxılaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Kənan İsmayıllının şikayətindən sonra Ceyhun Nəcəfov da əvvəlki barışıq mövqeyindən imtina edib. Hazırda işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır və yekun qərar hələ açıqlanmayıb.
Hadisənin hotelin təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntüləri təqsirləndirilən şəxs tərəfindən "Qafqazinfo"ya təqdim edilib:
https://t.me/qafqazinfo/49008