Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika Seminarı keçirilib

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş Ümumrespublika Seminarı keçirilib.
Seminarda İctimai Birliyin Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən klub və filiallarından çoxsaylı idmançılar iştirak ediblər.
Tədbir Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi, ustad Taleh Həsənovun rəhbərliyi ilə təşkil olunub. Açılış nitqi ilə çıxış edən Taleh Həsənov iştirakçıları salamlayaraq seminarın məqsədi, proqramı və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, həmçinin qara kəmər sahiblərinin nailiyyətlərini və yeni qoşulan idmançıların inkişaf perspektivlərini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək tədbirin Silahlı Qüvvələr Gününə həsr olunmasının əhəmiyyətindən danışıb. O, milli yığma komandanın Avropa çempionatında əldə etdiyi uğurlu nəticəni – 4-cü yeri qazanmasını xüsusi qeyd edərək idmançıları təbrik edib və gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayıb.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Tədbir çərçivəsində idmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələrinə layiq görülüblər. Seminarın sonunda isə yeni dərəcə qazanan idmançılara kəmərləri və müvafiq sertifikatları təqdim olunub.
Qeyd edək ki, bu cür seminarlar idmançıların peşəkar hazırlığının artırılması, Braziliya ciu-citsu idman növünün inkişafı və vətənpərvərlik ruhunun təbliği baxımından mühüm əhəmiyyət daşıyır.




















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.