Özbəkistanda sabah dövlət qurumlarında iş günü adi vaxtdan daha gec – saat 10:00-da başlayacaq. Qərar azarkeşlərin ölkə milli komandasının 2026-cı il futbol üzrə dünya çempionatındakı ilk oyununu rahat izləyə bilmələri üçün qəbul edilib.
Bu barədə Özbəkistan Prezidenti mətbuat katibi Şerzod Asadov məlumat verib. Onun sözlərinə görə, Prezident Şavkat Mirziyoyev milli komandanın Kolumbiyaya qarşı keçirəcəyi ilk görüşü ailəsi və nəvələri ilə birlikdə izləyəcək.
Asadov bildirib ki, 40 milyona yaxın əhalisi olan ölkədə hər kəs bu qarşılaşmanı böyük həyəcanla gözləyir. O qeyd edib ki, hazırda xarici ölkələrlə aparılan rəsmi görüşlər zamanı da tərəfdaşlar Özbəkistan yığmasına uğurlar arzulayırlar.
Qeyd edək ki, Özbəkistan – Kolumbiya oyunu sabah yerli vaxtla saat 07:00-da start götürəcək. İş gününün saat 10:00-da başlaması yalnız dövlət qurumlarına şamil edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.