Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru vəzifəsinə sabiq gənclər və idman nazirinin müavini Mariana Vasilevanın təyin olunması idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Mariana Vasileva 2021-ci ildə gənclər və idman nazirinin müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad edilmişdi. İndi isə onun Azərbaycan Atletika Federasiyasında rəhbər vəzifəyə gətirilməsi bir sıra suallar doğurur.
Mətbuatda uzun müddətdir Vasilevanın fəaliyyəti ilə bağlı ciddi iddialar yer alıb. Həmin iddialarda onun idmançılara qarşı kobud davranış nümayiş etdirdiyi, psixoloji və fiziki təzyiq göstərdiyi, həmçinin beynəlxalq idman qurumları tərəfindən müxtəlif məhdudiyyətlərlə üzləşdiyi qeyd olunur. Bu iddialar rəsmi şəkildə məhkəmə hökmü ilə təsdiqlənməsə də, illərdir ictimai müzakirə mövzusudur.
Tənqidlərdən biri də Vasilevanın Bolqarıstan əsilli olması və Bolqarıstan vətəndaşlığını saxlaması fonunda Azərbaycanda yüksək vəzifələr tutması ilə bağlıdır. Mətbuatda onun Azərbaycan vətəndaşlığı da aldığı, ikili vətəndaşlığı barədə məlumatlar yer alıb və bu məsələ də hüquqi müstəvidə müxtəlif suallar yaradıb.
İctimaiyyəti düşündürən əsas məqamlardan biri isə budur: əgər fəaliyyəti ətrafında bu qədər qalmaqal və iddialar olan bir şəxs əvvəlki vəzifəsindən uzaqlaşdırılmışdısa, hansı əsaslarla yenidən dövlət tərəfindən dəstəklənən idman qurumunda mühüm vəzifəyə təyin olunub?
İdman sahəsində aparılan islahatlar və dövlətin beynəlxalq imicinin qorunması baxımından belə təyinatlar şəffaf şəkildə izah edilməlidir. Əks halda, bu cür qərarlar həm idman ictimaiyyətində, həm də cəmiyyətdə etimadın azalmasına səbəb ola bilər.
Qeyd edək ki, Azərbaycan Atletika Federasiyasına Cavid Qurbanov rəhbərlik edir və Mariana Vasilevanın bu vəzifəyə təyinatı məhz federasiya rəhbərliyinin qərarı ilə həyata keçirilib. Hazırda federasiya tərəfindən təyinatın motivləri ilə bağlı ətraflı izahat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.