2010-cu ildə səs-küy, gurultulu reklamlar, piar ilə “Bakı–Oğuz–Qəbələ magistral su kəməri” layihəsinin açılışı edildi. Həmin dövrdə dövlət büdcəsindən bu layihəyə 779 milyon manat, o vaxtkı məzənnə ilə təxminən 1 milyard ABŞ dolları vəsait ayrılmışdı. Bəyan olunurdu ki, bu layihə Bakının içməli su problemini bir dəfəlik və tamamilə həll edəcək.
Ancaq bu gün – 15 il sonra paytaxt Bakının reallığı başqa cürdür. Şəhərin bir çox rayonlarında sakinlər gündəlik su qrafiki ilə yaşamağa məcburdur. Gecə saatlarında suyun verilməsi, gündüz saatlarında isə kütləvi kəsintilər artıq adi hal alıb. Bəzi yerlərdə hətta tamamilə suyun verilmədiyi günlər müşahidə olunur.
ADSEA “strategiya” dediyi idarəetmənin iflasını yaşayır.
Su kimi həyat əhəmiyyətli bir ehtiyatın bu şəkildə qeyri-effektiv idarə olunması ciddi narahatlıq doğurur. Rəsmilər vəziyyətlə bağlı ya susur, ya da mücərrəd və texniki səbəbləri önə çəkərək problemin miqyasını kiçiltməyə çalışırlar.
Maraqlıdır, bəs əslində su hara gedir?
Niyə milyard dollarlıq layihə bu gün istənilən nəticəni vermir? Su kəməri ilə bağlı heç bir qəza, texniki problem və ya istifadəyə yararsızlıq barədə rəsmi açıqlama yoxdur. Amma xalq saatla su gözləyir. Cavab verən, məsuliyyət daşıyan isə yoxdur.
Bu artıq təkcə infrastruktur və texniki məsələ deyil. Bu, birbaşa hesabatlılıq və məsuliyyət böhranıdır. Dövlət qurumları - xüsusilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ictimaiyyətə cavab verməlidir:
Layihə hara getdi?
Ayrılan vəsait necə xərcləndi?
Və niyə bu qədər böyük bir layihə gözləntiləri doğrultmadı?
Xalqın dözümü və unudulan öhdəliklərlə yola vermək olmur artıq.
Azərbaycanda illərlə su qıtlığına dözən, suyu bidonlarla daşıyan insanlar 2010-cu ildəki vədləri unutmadı. Hər il dövlətin irimiqyaslı layihələrə milyardlarla vəsait ayırdığı bir ölkədə paytaxtın susuz qalması təkcə məntiqsiz deyil, həm də təhlükəlidir.
Vətəndaşların haqqı su ilə birlikdə axıb getməməlidir, əfəndilər.
İndi artıq vaxt yetişib: aidiyyəti qurumlar cavab verməli, ictimaiyyət isə cavab tələb etməlidir. Qonaqlıqlarında problemə susmaq müqabilində sümük gəmirən jurnalistlərdən isə problemə reaksiya gözləmək sadəlövhlük olar.
Unutmayaq ki, şəffaflıq olmadan strateji layihələr uğurlu ola bilməz. Dövlətin iradəsi yalnız təntənəli açılış mərasimlərində deyil, 15 il sonra nəticələrində də görünməlidir.