Azərbaycan Prezidenti tərəfindən “Dövlət auditi” informasiya sisteminin yaradılması haqqında Fərmanın imzalanması dövlət maliyyə nəzarətinin rəqəmsallaşdırılması və dövlət vəsaitlərindən istifadədə şəffaflığın artırılması baxımından mühüm addımdır.
İqtisadçı deputat Vüqar Bayramlının sözlərinə görə, yaradılacaq “Dövlət auditi” informasiya sistemi (DAİS) maliyyə sənədlərinin və məlumatların rəqəmsal texnologiyalar vasitəsilə elektron mübadiləsini təmin etməklə dövlət maliyyəsinə kənar nəzarətin yeni mərhələsini formalaşdıracaq.
“DAİS-in yaradılması informasiya texnologiyaları auditinin Azərbaycanda daha geniş tətbiqinə imkan verəcək. Bu, yalnız maliyyə məlumatlarının elektronlaşdırılması deyil, həm də həmin məlumatların daha çevik təhlili, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və dövlət vəsaitlərindən istifadədə mümkün pozuntuların daha operativ aşkarlanması baxımından əhəmiyyətlidir”, – deyə Vüqar Bayramlı bildirib.
Deputat qeyd edib ki, beynəlxalq təcrübədə informasiya texnologiyaları auditinin tətbiqi Ali Audit Orqanlarının fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab olunur. Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı – INTOSAI də peşəkar inkişaf prosesində ənənəvi hüquqi, iqtisadi və mühasibat bilikləri ilə yanaşı, elektron məlumatların emalı və informasiya texnologiyalarından istifadənin əhəmiyyətini xüsusi vurğulayır.
Onun sözlərinə görə, Azərbaycanda maliyyə məlumatlarının tam elektronlaşdırılmaması və müxtəlif informasiya sistemlərinin kifayət qədər inteqrasiya olunmaması informasiya texnologiyaları auditinin imkanlarından tam istifadə edilməsinə müəyyən məhdudiyyətlər yaradırdı. DAİS bu baxımdan mövcud boşluqların aradan qaldırılmasına və məlumatların vahid rəqəmsal mühitdə daha effektiv idarə olunmasına şərait yarada bilər.
Vüqar Bayramlı bildirib ki, məsələnin aktuallığını Hesablama Palatasının audit nəticələri də göstərir. 2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin – 43 audit və 5 analitik fəaliyyətin – 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Eyni zamanda, büdcə vəsaitlərinin idarə edilməsi üzrə nöqsanların aşkarlandığı fəaliyyətlərin xüsusi çəkisi də 75 faiz təşkil edib. Keçirilmiş auditlərin 74 faizindən çoxunda isə dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması müəyyənləşdirilib.
“Bu rəqəmlər dövlət maliyyəsinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsinin vacibliyini göstərir. Rəqəmsal audit imkanlarının genişləndirilməsi nəzarəti yalnız fakt baş verdikdən sonra həyata keçirməyə deyil, riskləri əvvəlcədən müəyyənləşdirməyə də imkan verə bilər”, – deputat vurğulayıb.
İqtisadçı deputat dövlət satınalmaları sahəsində rəqəmsallaşmanın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Hesablama Palatasının qiymətləndirmələrinə əsasən, dövlət satınalmalarının 51 faizindən çoxunda ehtimal olunan məbləğlə qalib şirkətin təklif etdiyi qiymət arasında fərq 20 faizdən çox olub. Bu göstərici dövlət satınalmalarında qiymətlərin formalaşmasının, rəqabət mühitinin və büdcə vəsaitlərinin səmərəli istifadəsinin daha müasir texnologiyalarla izlənilməsini aktuallaşdırır.
“Dövlət satınalmalarının inteqrasiya edilmiş elektronlaşdırılması və böyük həcmdə məlumatların süni intellekt vasitəsilə təhlili gələcəkdə riskli əməliyyatların müəyyənləşdirilməsi, şübhəli qiymət fərqlərinin aşkarlanması və potensial pozuntuların qarşısının alınması baxımından mühüm alətə çevrilə bilər”, – deyə Vüqar Bayramlı bildirib.
Onun fikrincə, DAİS-in əhəmiyyəti yalnız audit prosesinin elektronlaşdırılması ilə məhdudlaşmır. Sistem dövlət maliyyəsinin idarə edilməsində məlumatların operativliyini, nəzarətin effektivliyini və hesabatlılığı artırmaqla dövlət vəsaitlərinin daha səmərəli istifadəsinə xidmət edə bilər.
“Dövlət auditi” informasiya sisteminin formalaşdırılması nəticə etibarilə Azərbaycanda dövlət maliyyə nəzarətinin rəqəmsal transformasiyasını sürətləndirən mühüm mərhələdir. Sistem tam inteqrasiya edilmiş elektron maliyyə infrastrukturu ilə əlaqələndirildikcə auditin əhatə dairəsinin genişlənməsi, risk əsaslı yanaşmanın güclənməsi və dövlət vəsaitlərindən istifadədə şəffaflığın daha da artırılması üçün yeni imkanlar yaranacaq.