"Dövlətə tabe olan ASC, QSC və digər təsərrüfat subyektlərində əməyin istismarının yeni və olduqca hiyləgər forması ortaya çıxıb: könüllülük adı altında pulsuz əmək.
Sxem sadədir. Təsərrüfat subyektinin işini görən şəxslər “könüllü” adlandırılır, üzərlərində həmin qurumun loqosu olan geyimlər olur, tədbirlərdə, xidmətlərdə və müxtəlif işlərdə çalışırlar. Məsələ ictimailəşdiriləndə isə ortaya “sehirli” bir izah çıxır: guya həmin şəxsləri təsərrüfat subyekti deyil, onun təsis etdiyi QHT cəlb edib.
Beləliklə, bir kağız üzərində yaradılmış vasitəçi qurum hesabına məsuliyyətdən yayınmaq cəhdi yaranır".
İqtisadçı-ekspert Sahib Məmmədovun diqqətə çatdırdığı bu fakt əslində daha ciddi suallar doğurur: QHT nə üçün yaradılıb? Könüllü hansı işə cəlb olunub? Həmin iş QHT-nin nizamnamə məqsədlərinə uyğundurmu? Yoxsa QHT sadəcə dövlətə bağlı təsərrüfat subyektinin pulsuz işçi bazasına çevrilib?
Əgər bir insan “könüllü” adı ilə müəssisənin əsas fəaliyyətinə aid işi görürsə, müəssisənin formasını geyinir, onun tapşırıqlarını yerinə yetirir və faktiki olaraq həmin qurumun əmək funksiyasını icra edirsə, burada “könüllülük” anlayışının mahiyyəti ciddi şəkildə şübhə altına düşür.
Daha acınacaqlısı isə bəzi QHT-lərin bu prosesdə öz missiyasını tamamilə unutmasıdır. QHT cəmiyyətin maraqlarını, sosial məsuliyyəti və ictimai faydanı müdafiə etməli olduğu halda, kiminsə pulsuz əmək ehtiyacını təmin edən mexanizmə çevrilirsə, artıq söhbət vətəndaş cəmiyyətindən yox, vətəndaşın əməyinin istismarından gedir.
Belə QHT-lər ictimai sektorun nüfuzuna da ciddi zərbə vurur. QHT adı altında fəaliyyət göstərib, əslində hansısa təsərrüfat subyektinin maraqlarına xidmət etmək və insanları “könüllü” adı ilə pulsuz işə cəlb etmək vətəndaş cəmiyyətinin prinsiplərinə ziddir.
Burada aidiyyəti dövlət qurumlarının da araşdırmalı olduğu çoxsaylı suallar var: Bu QHT-lər kim tərəfindən və hansı məqsədlə yaradılıb? Maliyyələşmə mənbələri nədir? Könüllülər hansı işləri görür? Onların fəaliyyəti QHT-nin nizamnaməsinə uyğundurmu? Əgər yoxdursa, niyə təsərrüfat subyektinin işi QHT üzərindən gördürülür?
Könüllülük insanların xoşməramlı fəaliyyətidir, müəssisələrin pulsuz işçi təminatı deyil.
QHT isə təsərrüfat subyektinin “arxa qapısı” olmamalıdır.
Əks halda ortaya çox sadə bir mənzərə çıxır: işçinin adı dəyişdirilir, vasitəçi dəyişdirilir, amma istismar olduğu kimi qalır.