AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Sevil" operası Şəkidə

  • + A
  • - A
  • 10-07-2022, 15:56

    "Sevil" operası Şəkidə

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi 7-9 iyul tarixlərində Şəki şəhərində qastrol səfərində olmuşdur. Qastrol səfəri Şəki "İpək Yolu" XI Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutmuşdur.
    Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət Nazirliyi və Şəki şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalda opera ustalarımız SSRİ Xalq artisti F.Əmirovun "Sevil" operasının tamaşası ilə çıxış etmişlər. Tamaşa iyulun 8-də Şəkidəki Yuxarı Karvansara kompleksində nümayiş olunmuş və görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuşdur. F.Əmirovun C.Cabbarlının eyni adlı pyesinin motivləri əsasında qələmə aldığı opera Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim olunmuşdur. Tamaşanı Azərbaycanın Əməkdar artist, dirijor Əyyub Quliyev idarə etmişdir.
    Məlum olduğu kimi, F.Əmirovun şah əsəri olan "Sevil" operasının mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan gənc Azərbaycan qadının - Sevilin taleyi durur. Şəkidəki tamaşada bu rolu Teatrın gənc solisti Fatimə Cəfərzadə, Balaş rolunu isə Əməkdar artist Ramil Qasımov ifa etmişlər. Digər əsas rollarda Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Atakişi), Tural Ağasıyev (Əbdüləli bəy), gənc solist Fəhmin Əhmədli (Məmmədəli bəy) çıxış etmişlər.
    Festival tamaşasında Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, İcra hakimiyyəti aparatı və şəhərin idarə və təşkilatlarının məsul əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi iştirak etmişlər. Böyük uğurla baş tutan tamaşanı izləyənlər arasında şəkili musiqisevərlərlə yanaşı, bu günlərdə şəhərdə istirahət edən çoxsaylı qonaqlara, xarici ölkələrdən gəlmiş turistlərə də təsadüf etmək olardı. Tamaşaçıların bir çoxu tamaşanı ayaq üstə izləyir və alqışlayırdılar. 100 yaşlı bəstəkarın zəngin və ecazkar musiqisi, vokalçıların möhtəşəm ifası, simfonik orkestrin, balet qrupunun professional çıxışı həmin gün XVIII əsrin tarixi abidəsi olan Yuxarı Karvansaraya toplaşan operasevərləri heyran etdi. Onlar tamaşa başa çatandan sonra uzun sürən alqışları ilə ifaçılara təşəkkürlərini bildirir, məkanı tərk etmək istəməyərək opera sənətçilərimizdən tamaşadan ayrı-ayrı parçalar təkrar ifa etməyi xahiş edirdilər. Sənətçilərimiz əlbəttə ki, onların arzusunu yerinə yetirirdi. Sonda Şəki şəhər İcra Hakimiyyətinin başçısı E.Usubov Teatrın kollektivinə dərin təşəkkürünü bildirərək, festivalın diplomunu təqdim etdi. İnamla demək olar ki, "Sevil" operası festivalın tamaşaçılarına unudulmaz anlar yaşatdı və xoş xatirə kimi yaddaşlarda qalacaq bir hadisəyə çevrildi.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR