Məşhur Məmmədov,
Milli Məclisin deputatı23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyinin səmərəli təşkili, qanunun aliliyinin təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çalışan minlərlə dövlət qulluqçusunun əməyinə verilən yüksək dəyərin ifadəsidir.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. Tarixin məhz 23 iyun olaraq müəyyənləşdirilməsi BMT Baş Assambleyasının bu günü BMT-nin Dövlət Qulluğu Günü elan etməsi ilə bağlıdır. Bu qərar dövlət xidmətinin demokratik, hüquqi və səmərəli idarəetmədə mühüm rolunu vurğulamaq, dövlət qulluqçularının cəmiyyət qarşısındakı məsuliyyətini və əməyini yüksək qiymətləndirmək məqsədi daşıyır.
Dövlət qulluğu yalnız peşə fəaliyyəti deyil, eyni zamanda böyük etimad, yüksək məsuliyyət və xalqa xidmət missiyasıdır. Dövlət qulluqçusu öz fəaliyyətində qanunçuluq, şəffaflıq, obyektivlik, peşəkarlıq və vətəndaşlara həssas münasibət prinsiplərini əsas tutmalı, dövlət maraqlarını hər zaman üstün tutmalıdır. Bu, güclü dövlət idarəçiliyinin və cəmiyyətlə dövlət arasında etimadın formalaşmasının əsas şərtlərindən biridir.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi sistemində həyata keçirilən ardıcıl islahatlar dövlət qulluğunun daha müasir, çevik və vətəndaşyönümlü modelinin formalaşmasına mühüm töhfə verib. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, idarəetmədə şəffaflığın artırılması, peşəkarlığın gücləndirilməsi və vətəndaş məmnunluğunun əsas meyara çevrilməsi bu siyasətin uğurlu nəticələrindəndir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır."
Bu fikirlər dövlət qulluğunun mahiyyətini və dövlət qulluqçusunun üzərinə düşən vəzifələri aydın şəkildə ifadə edir. Dövlət qulluğunda çalışan hər bir şəxs cəmiyyət qarşısında məsuliyyətini dərindən dərk etməli, öz fəaliyyəti ilə vətəndaşların dövlətə inamının daha da möhkəmlənməsinə töhfə verməlidir.
Peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını səmimi qəlbdən təbrik edir, onlara cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar, ölkəmizin inkişafı və dövlətçiliyimizin daha da güclənməsi naminə xidmətlərində nailiyyətlər arzulayıram.