İran Prezidenti Masud Pezeşkian Tehranda keçirilən və ABŞ-İsrail hərbi hücumları zamanı həlak olanların ailələrinin iştirak etdiyi anım mərasimində çıxış edərək ölkəsinin mövqeyini açıqlayıb.
Prezident bildirib ki, İrana qarşı təzyiq və sabitliyi pozmağa yönəlmiş siyasətlərin müəllifləri İran xalqının iradəsinin qısa müddətdə qırılacağını hesab edirdilər. Lakin xalqın ağıllı və fəal mövqeyi bu hesablamaların puça çıxmasına səbəb olub. Onun sözlərinə görə, İranın ən böyük gücü və təhlükəsizlik təminatı məhz xalqın birliyidir.
Pezeşkian vurğulayıb ki, İran xalqı öz ləyaqətinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş heç bir təzyiq qarşısında geri çəkilməyəcək. Bununla yanaşı, o qeyd edib ki, rəsmi Tehranın strategiyası milli maraqların qorunmasına, ölkənin nüfuzunun saxlanmasına və gərginliyin azaldılmasına əsaslanır.
İran Prezidenti müharibənin heç bir xalqın maraqlarına uyğun olmadığını desə də, milli təhlükəsizliyin, dövlət maraqlarının və ölkənin şərəfinin müdafiəsinin dəyişməz prinsip olduğunu bildirib.
Pezeşkian həmçinin “nə müharibə, nə sülh” vəziyyətindən çıxmağın vacibliyini qeyd edib. O vurğulayıb ki, İran müharibə istəmir, lakin ölkənin ləyaqətinə, torpaqlarına və sərhədlərinə qarşı hər hansı müdaxiləni də qəbul etməyəcək.
Prezident sonda belə gözləntiləri olan qüvvələrə müraciət edərək bildirib ki, İran bu məsələdə geri addım atmayacaq və öz milli maraqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.