Fransanın Apellyasiya Məhkəməsi ifrat sağçı Marine Le Penin Avropa İttifaqı vəsaitlərini mənimsəmə işi üzrə təqsirli bilinməsi barədə hökmü qüvvədə saxlayıb. Lakin məhkəmə onun cəzasını yüngülləşdirərək 2027-ci ilin aprelində keçiriləcək Fransa prezident seçkilərində namizəd olmasının qarşısını alan hüquqi maneəni aradan qaldırıb.
Məhkəmənin qərarına əsasən, Le Penə tətbiq edilən dövlət vəzifəsi tutmaq qadağasının müddəti azaldılıb və 2025-ci ilin martından hesablandığı üçün artıq başa çatmış sayılıb.
Bununla belə, o, bir il müddətinə elektron qolbaqla ev dustaqlığında qalacaq. Mütəxəssislərin fikrincə, bu cəza onun prezident seçkilərində namizədliyini irəli sürməsinə hüquqi baxımdan mane olmur.
Marine Le Pen isə daha əvvəl dəfələrlə bəyan edib ki, elektron qolbaq taxmalı olacağı halda prezident seçkilərində iştirak etməyəcək. Onun sözlərinə görə, belə vəziyyətdə seçki kampaniyasını "tam azad şəkildə" aparmaq mümkün deyil.
Le Penin bu axşam yerli vaxtla saat 20:00-da televiziya ilə xalqa müraciət edərək seçkilərdə iştirak edib-etməyəcəyini açıqlayacağı gözlənilir. O, namizədlikdən imtina edərsə, partiyasının 30 yaşlı sədri Jordan Bardellanı prezidentliyə namizəd kimi irəli sürə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.