AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu qızlar mütləq müayinədən keçirilməlidir, 35 yaşdan sonra... - Baş mama-ginekoloqla MÜSAHİBƏ

  • + A
  • - A
  • 6-02-2018, 09:50

    Bu qızlar mütləq müayinədən keçirilməlidir, 35 yaşdan sonra... - Baş mama-ginekoloqla MÜSAHİBƏ













    Hər il orta hesabla 20 qadın doğuş vaxtı və ya onun sonrakı dövrlərində baş vermiş fəsadlaşmalar səbəbindən həyatını itirir. Doğuş vaxtı ölən körpələrin də sayı heç də az deyil. Hər dəfə bu hadisələr vaxtı ailələr həkimləri günahlandırır, həkimlər isə ailələrin gec müraciət etdiyini deyir. Lakin bütün hadisələr Doğuşayardım Komissiyası tərəfindən araşdırılır.

    Sfera.az bildirir ki, Respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova ana ölümlərinin səbəbləri, qadınların hamiləlikdən əvvəl və həmin dövrdə etdikləri səhvlər, süni mayalanma üsuluna qədər bir çox problemlə bağlı publika.az-ın suallarını cavablandırıb.

    - Sevinc xanım, əvvəlcə Doğuşayardım Komissiyasının əsas vəzifələri və işinin təşkili haqqında danışaq. Ötən il ərzində Komissiya hansı problemləri aşkarladı və hansı uğurlara imza atdı?

    - "Hamiləlik, doğum və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq hallarının təhlili üzrə Komissiya"nın əsasnaməsində qeyd edildiyi kimi, bütün ana ölümü hallarının təsdiq olunmuş tibbi sənədlər əsasında təhlilini, təhlil üzrə məsul mütəxəssislərin təyin olunmasını təşkil edir. Habelə göstərilən doğuşayardım tibbi xidmətin keyfiyyətinin artırılması tədbirlərini təklif edir və bütün mərhələlərdə doğuşayardım xidmətin ardıcıllığını yerinə yetirir. Eyni zamanda, aşkar olunan çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq metodik təlimatlar hazırlayır. Bundan əlavə, ağırlaşmış doğuşlar üzrə baş həkimlərin, şöbə müdirlərinin və aidiyyəti olan həkimlərin hesabatlarını və izahatlarını dinləyərək lazım olan halda müəyyən məsələləri araşdırmaq üçün mütəxəsisslər qrupu yaradaraq o qrupun fəaliyyətinə nəzarət edir. Doğuşayardım işində meyadana gələn problemlərlə əlaqədar müşavirələr və seminarlar keçirir.

    Ana ölümü baş verdiyi andan 24 saat ərzində Səhiyyə Nazirliyinə təqdim olunmuş müvafiq tibbi sənədlər Komissiyaya göndərilir. Bu sənədlərin əsasında komissiya ekspertizanı təşkil edir və təhlil üzrə məsul mütəxəssisləri təyin edir. Komissiyanın işi protokollaşdırıldıqdan sonra qərar çıxarılır və sənədlər 3 gün ərzində Səhiyyə Nazirliyinə təqdim olunur. Lazım olduğu tədqirdə təhlilə dar ixtisaslı mütəxəssislər cəl edilir. Komissiyanın fəaliyyətində Konstitutsiyamıza, mövcud qanunvericilik aktlarına və Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, sərəncamlarına, təlimatlarına, eyni zamanda əsasnaməsinə riayət edir. Komissiyanın tərkibində 2017-ci ilin yanvar ayında yaradılmış "Ölümlə nəticələnməyən kritik halların təhlilini üzrə sektor" tərəfindən təhlillərin aparılması başlanılıb. Kritik hala düşən hamilə və zahı qadınlara göstərilən doğuşayardım xidməti təhlil olunaraq, bu yardımın müsbət və mənfi cəhətlərini araşdırıb, qulluq göstərən kollektivin nəzərinə çatdırılır.

    2017-ci ildə Komissiya tərəfindən 24 iclas keçirilib. Ümumilikdə Komissiya tərəfindən 21 ana ölümü təhlil olnaraq qərarlar qəbul edilib, 26 şikayət ərizəsi ilə əlaqədar göstərilən doğuşayardım xidməti müzakirə olunub, regionalarda 3 müşavirə keçirilib.

    - Riskli olub ölümlə nəticələnməyən hallar ümumi doğuşların neçə faizini təşkil edir?

    - Onlar böyük bir qrupdur. Ötən il ərzində 100-ə yaxın hamilə qadın kritik halda Bakıya köçürülüb. Onlara lazımi yardım göstərilib və sağ qala biliblər.

    - Kritik halda müraciətlər yalnız bölgələrdən olur, yoxsa Bakıda da belə hallar müşahidə edilir?

    - Müraciətlər həm regionlar, həm də paytaxtdan olur.

    "İl ərzində hamiləliklərin 45 mini fəsadlaşmış olur"

    - Kritik vəziyyətdən çıxarılandan sonra araşdırma apardığınızı dediniz. Kritik halların yaranma səbəbi nədir?

    - Bu sözü hər dəfə deyirəm: həkimlər 6 il təhsil alır, 5 il rezidentura oxuyur, sonrakı uzun illər təcrübə toplayaraq yetişir. Bu qədər əziyyət çəkib oxuyan şəxs öyrəndiklərini tətbiq etməkdə xəsislik etməz. Həkim ağ xalat geyinir ki, ailələrin ümidlərini gerçəkləşdirsin. İnanmıram ki, bu qədər oxuyan həkim bilik bacarığını xəstəyə tətbiq etmək istəməsin. Mənim tanıdığım hər bir həkim yoldaşlarım xəstənin xilas edilməsi üçün əlindən gələni edir. Təəssüf ki, müsbət nəticə təkcə həkimdən yox, xəstənin durumundan və orqanizmin aparılan müalicəni mənimsəməsindən asılıdır. Vaxtında müraciət edən xəstə şanslıdır. Amma bəzən orqanizmin bütün qüvvəsi tükənəndən sonra həkimə gəlirlər, bu zaman edilən kömək də təsirini göstərmir. Hesab edirəm ki, həkimlərin savadsızlıqda ittiham edilməsi əsassızıdr. Çünki il ərzində təxminən 140-150 min doğuş qəbul olunur və bu prosesin hamısını həyata keçirən Azərbaycan həkimləridir. Statistikaya görə, bu doğuşların 30 faizi fəsadlaşmış olur. Yəni təxminən 45 min qadının fəsadlaşmış və problemli hamiləliyinə nəzarəti və onların doğuşunu məhz Azərbaycan mama-ginekoloqları həyata keçirir. Heç kim müsbət məqamları dilə gətirmir. Bu xəstələrin arasında bəzi hallarda ana orqanizmi tükənmiş olduğu halda ölüm baş verir. Əlbəttə, bu yolverilməzdir. Ancaq təəssüf ki, bu hallar olur.

    - Lakin Doğuşayardım Komissiyası tərəfindən də il ərzində fəaliyyətindəki nöqsanlara görə cəzalandırılan həkimlər olur...

    - Bəli olur. Ötən il 21 ana ölümü baş verib və Komissiya tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər verilib. Həkimlərin çalışdığı müəssisə rəhbərləri tərəfindən cəzalandırılan, işdən azad edilən, töhmət alanlar da olub. Səhv edən cəzasını alır. Ötən il baş verən ana ölümlərinə görə 23 nəfər tibb işçisinə xəbərdarlıq edilib, 54 nəfərə töhmət verilib, 45 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 4 nəfərin əmək müqaviləsinə xitam verilib. Yəni, kifayət qədər cəzalandırılan var.

    "Hamilələr 7 dəfə qadın məsləhətxanasında olmalıdırlar"

    - Problemli hamiləliklərlə bağlı regionlar arasında fərq varmı? Hansı bölgədə daha çox rast gəlinir belə hallara?

    - Bölgələr üzrə problemli hamiləliklərlə bağlı rəqəmlər arasında çox da ciddi fərq olmur. Ümumiyyətlə, regionlarda gəlini, qızı xəstəxanaya aparmaq adəti yoxdur. Qız xəstə də olsa, o, ailə qurur. Bəzən valideynlər ya qızının xəstəliyindən tam xəbərsiz olur, ya da bilsələr də bunu gizlədirlər. Bu gün daxili miqrasiya çoxaldığından, tez-tez kirayə yerlərini dəyişən hamilələr qadın məsləhətxanalarına müraciət etmirlər. Onların qeydiyyata alınması, nəzarət olunması, vaxtında müvafiq müayinələrə cəlb olunması cətinləşir. Adətən, hamilələr son anda həkimə müraciət edirlər. Halbuki, problem başlandıqda müraciət edilsəydi, onun qarşısı alına bilərdi. Doğuş prosesi başlayanda həkimə müraciət edirlər, həkim qadının əvvəlki problemlərindən xəbərsiz olur. Valideynlərə müraciət edirik ki, qızları ailə qurmamışdan əvvəl ürəyini, ağ ciyərlərini, qanını mütləq yoxlatdırsınlar.

    - Qadınların hamiləlik zamanı keçməli olduğu müayinələrdən də danışaq. Qadın məsləhətxanalarına müraciət qane edirmi?

    - Azərbaycanda 2009-cu ildən Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq sağlam hamilə qadının həkimə müraciət qaydası, vaxtları, hər dəfə keçməli olduğu müayinələr müəyyən edilib və protokol şəklində təsdiqlənib. İstər dövlət, istərsə də özəl klinikalarda ginekoloqlar bu protokola uyğun şəkildə işləyir. Sağlam qadın hamiləlik vaxtı yeddi dəfə qadın məsləhətxanasında olmalıdır. Amma qadınlar xəstə olduğu halda bu gəlişlər tezləşdirilməli, iki həftədən bir müayinəyə gəlməlidirlər. Elə xəstəliklər var ki, hamiləlik vaxtı meydana gəlir. Hamiləlik vaxtı qadının bədənində olan problemlər üzə çıxır. Çünki qadın orqanizminin bütün qüvvəsi uşağın ana bətnində bəslənməsinə yönəlir, "zəif olan yerlərdə boşluqlar yaranır". Ailə qurmamışdan əvvəl yoxlanma, aşkar olunan xəstəliklərin mütləq müalicəsi vacibdir. Eynilə hamiləlik vaxtı yaranan problemlərə dərhal həkimə müraciət edilsə, vaxtında müdaxilə olunaraq ana və uşağın dünyaya sağ gəlməsinə zamənət verərik.

    - Risk qrupuna kimlər daxildir?

    - Az bədən çəkili, kök xanımlar, ürək, böyrək xəstələri, ailə qurmadan əvvəl sidik yollarında, qanın laxtalanmasında, ürəkgetmə, epilepsiya problemləri, habelə ana tərəfdə diabet xəstəsi olanlar, 4 və daha çox hamiləlik keçirən qadınlar bu qrupa daxildir. Həmin qadınlar hamilə vaxtı nəzarətdə olmalıdır.

    "Bu həftələrdə doğulan uşaqların 70 faizi ölür"

    - Bir neçə gün əvvəl sosial şəbəkədə 370 qram doğulan uşaqdan ailəsinin imtinası barədə məlumat yayılmışdı. Ölkəmizdə neçənci həftədə doğulan uşaqlar sağ qala bilir? Bir neçə ildir diridoğulanlarla bağlı meyarlar dəyişdi. Bu dəyişikliyin nəticələri barədə də məlumat verərdiniz.

    - Azərbaycanda diridoğulanlarla bağlı yeni meyarlar 2015-ci ildən tətbiq edilir. Hamiləliyin 22 həftəliyi müddətindən yuxarı doğulan uşaq səs çıxarırsa, göbək ciyəsində pulsasiya varsa, ona diridoğulmuş uşaq deyirik. Biz həmin uşağın yaşaması üçün bütün yardımı göstərməliyik. 22 həftəsindən aşağı müddətdən doğulanlar döl sayılır və onların yaşamaq qabiliyyəti olmadığından, tam həcmdə aparılan intensiv müalicə nəticə vermir. Dünyada 22-34 həftəyə qədər müddətdə doğulan uşaqların Ümumdüya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə 60-70 faizi erkən neonatal ölümlə nəticələnir. Nevroloji xəstəliklərin, o cümlədən uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50 faizi vaxtından əvvəl doğulmuşların payına düşür. Bu, bütün dünyada belədir. Çünki onların daxili orqanları tam formalaşmayıb. Uşağın bətndaxili yetişməsi üçün təbiətdə 40 həftə müəyyən edilib. Onu da qeyd etmək istərdim ki, 2015-ci ilə qədər 1 kiloya qədər doğulan uşaqların əksəriyyəti tələf olurdu. Diridoğulma meyarına keçdiyimiz 3 il ərzində 1 kilodan aşağı çəkidə 332 uşaq doğulub, onların 111-i sağ qalıb. Demək olar ki, 30 faizdən çoxu sağ qalıb, bu, böyük nailiyyətdir. Bu uğur uzun illər aparılan hazırlıq işlərinin nəticəsidir. Dövlət müəssisələrində yüksək texnologiyalı metodikaların tətbiqi, xüsusi avadanlıqdan, küvezlərdən istifadə, həmin yenidoğulmuşların müalicəsi üçün Zaqafqaziyada ilk dəfə olaraq Azərbaycanda dövlət təminatlı surfaktant tərkibli endotraxeal suspenziyanın istifadəsi nəticəsində ekstremal az çəkili, vaxtından əvvəl yenidoğulmuşlarda ağciyərin açılmasını və normal fəaliyyətə başlamasını təmin edilməsi mümkün olub. Respublikamızda fəaliyyət göstərən hər bir 3-cü səviyyəli doğuşayardım müəssisələri bu xüsusi avadanlıqlar və dərmanlarla ilbəil təmin olunur. Bu uşaqların müalicə həkimləri daim respublikamızda və xarici ölkələrdə təşkil olunmuş çoxsaylı təlim və kurslarda iştirak edirlər. Bütün çətinliklərə baxmayaraq valideynlər xəstə də olsa, uşaqlarının sağ qalmasını istəyir.

    - Bəlkə də, valideynlərin bu cür israr etməsi son illərdə ölkəmizdə sonsuzluq hallarının artımı ilə bağlıdır.

    - Hər bir canlının özündən sonra nəsil artırmaq xüsusiyyəti var. Təəssüf ki, təkcə bizdə deyil, dünyada da son illərdə sonsuzluq halları artıb. Hormonal pozuntular, iltihabi xəstəliklər nəticəsində daxili orqanlarda olan dəyişikliklər, immunoloji (stress, depressiya, zob xəstəliyi ilə bağlı) səbəblər həm kişi, həm də qadın sonsuzluğu üçün keçərli səbəblərdir. Yalnız bu halların 5 faizi izaholunmaz sonsuzluqdur. İmmunolojı sonsuzluğa gəldikdə - cütlüklərdə HLA antiqen sistemində 6 göstəricisindən 3-ü eynidirsə, təbiət həmin cütlükləri "yaxın qohum kimi qiymətləndirib", hamiləliyin baş tutmasına "imkan" verməyəcək. Onlar başqa şəxslərlə ailə qursalar, övlad sahibi ola və ya süni mayalanmada donor hüceyrələrdən istifadə edə bilərlər. Hormonal problemlər isə bir sira ekzogen və endogen səbəblərdən irəli gəlir. Məsələn, stress, açıq havada az olmaq, düzgün rejimin olmaması, müxtəlif endokrinolojı xəstəliklər və s. Bu zaman qadın bədənində tənzimləyici bioloji ritmlər və hormonal balans pozulur, nəticədə generativ funksiyaların yetişməsi ləngiyir, fəaliyyəti pozulur, hüceyrələr vaxtında yetişmir. Bu problemlər təkcə qadınlarda yox, kişilərdə rast gəlinir.

    "Süni yolla çox sayda yumurta yetişdirirlər"

    - Bu zaman ən çox üz tutulan üsul süni mayalanmadır.

    - Ümuniyyətlə, süni mayalanma "aqressiv müdaxilə" hesab edilir. Qadına normadan artıq dozalarda hormonlar verərək, süni yolla çox sayda yumurta yetişdirirlər. Ədəbiyyatda məlumat var ki, 100 min il əvvəl qadın 10 aya bir yumurta yetişdirirdi. Ona görə insan nəsli cox asta artırdı. Müasir dövrdə isə müəyyən akselerasiya ilə əlaqəli qadının yumurtalıqlarında əksər hallarda ayda bir yumurta yetişir. Yaşdan aslı olaraq, bəzi hallarda yumurtalar qüsurlu ola bilər. Süni mayalanmada qadın yumurtalıqlarında bir dəfəyə 30-40 yumurta yetişdirməyə məcbur edilir. Kənarda mayalandırıldıqdan sonra alınmış embrionun bir və ya ikisi uşaqlığa yerləşdirilir. Və bu məqamdan başlayaraq, adi hamilə kimi yox, risk qrupuna daxil olan hamilə kimi daim nəzarətdə saxlanılır. Kişi sonsuzluğu hallarında vəziyyət daha çətin olur. Bəzən toxum olsa da, qüsurlar yaranır. Ona görə də süni mayalanmada hər zaman nəticələr uğurlu alınmır.

    - Bizdə süni mayalanma ilə bağlı rəsmi məlumatlar varmı?

    - Çox zaman cütlüklər bu faktın acıqlanmasını istəmir. Ölkəmizdə də bununla bağlı rəsmi məlumatlar dolğun deyil.

    - Sonsuzluq ən çox kişi, yoxsa qadınlarda müşahidə edilir?

    - Rəsmi beynəlxalq statistikaya görə, dünyada sonsuzluğun 60 faiz hallarda qadın, 40 faiz hallarda isə kişi faktoru səbəbindən qeyd edilir. Düşünürəm ki, Azərbaycanda da bu nisbət saxlanılır. Əvvəllər kişilərə yoxlanılmağı məsləhət gördükdə buna aqressiv reaksiya verirdilər. Lakin son zamanlar gənclərdə müsbət bir dönüş var: ürək-damar sistemi, sidik-ifrazatı sıstemini, qan və digər orqanların funksiyasını yoxlatdırdığı zaman, generativ funksiyalarını da yoxladırlar.

    - Reproduktiv sağlamlıqla bağlı qanun uzun illərdir müzakirə edilir. Həmin qanunda surroqat ana məsələsi var. Bu məsələ bizdə nə qədər realdır? Qadınlar surroqat anaları qəbul edəcək, Sizcə?

    - Surroqat ana deyəndə Alla Puqaçova, Filip Kirkorov və bu üsuldan istifadə edən diğərləri gözümün qarşısına gəlir. Həkim kimi deyə bilərəm ki, çarəsiz qadınlara surroqat ana valideyn olmaq şansını verir. Ona görə də qəbul edəcəklər. Amma mən özüm bir insan kimi bunu çox çətin qəbul edirəm. Bəlkə də, bu, düzgün deyil. Lakin dünyada surroqat ana məsələsində mübahisəli məqamlar çoxdur. Surroqat ananın hüquqları, vəzifələri, surroqat ana kim ola bilər məsələsi, uşağı valideynlərə vermədiyi hallarda hansı cəzalar tətbiq oluna bilər və bu kimi məsələlər tam bəlli deyil. Beynəlxalq təcrübənin qanunvericiliyində bu məsələlər hələ də öz həllini tapmadığından, gündəmdə qalmaqdadır.

    "İsti ölkələrdə qızların cinsi yetişməsi tez baş verir"

    - Belə anladım ki siz süni mayalanmaya da müsbət yanaşmırsınız...

    - Cütlüyün başqa şansı yoxdursa, niyə də yox. Ancaq bir dəfə alınmayanda bütün mal-mülkünü satıb, uşaq sahibi olmağa çalışanlara bu qədər əziyyətləri çəkməkdənsə, övladlığa uşaq götürüb saxlamağı üstün bilirəm.

    - Dünyada mediasında ana olmaq yaşının artması barədə yazılar yayımlanır. Artıq bir çox ölkələrdə bu yaş 30-u keçib. Bizdə vəziyyət necədir? Ümumiyyətlə, ana olmaq üçün uyğun yaş neçədir?

    - Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə ana olmaq üçün ən ideal yaş dövrü 19-25 arasıdır. Amma qızların orqanizmlərinin ana olmaq vəziyyətinə hazırlığı yaşadıqları iqlimə görə də dəyişir. İsti iqlimi olan Afrika ölkələrində, habelə İran, Əfqanıstan, Hindistanda qızların cinsi yetişməsi tez baş verir. Bu ölkələrdə qızlar 9 yaşında ilk dəfə menustrasiya olur. Şimala doğru getdikcə bu qızların ilk adəti 16-17 yaşda olur. Azərbaycanda ilk menarxe (tibbdə ilk baş vermiş aybaşı) 13-14 yaşda olur. Bundan tez və ya 14 yaşdan gec olanda, valideynlərə qızlarını müayinədən keçirməyi məsləhət görürük. 10-15 il öncə 30 yaşından sonra hamilə qalanlara gec ilk doğan deyilirdi. İndi bu yaş həddi dünyada olduğu kimi, bizdə də 35 yaşa çəkilib. Hesab edirəm ki, ana olmaq üçün ən ideal dövr 20-25 yaş arasıdır. Bu dövrdə həm orqanizm qüvvətli olur, həm də xəstəliklər az olur, qadının fiziki imkanları o hamiləliyi sona qədər davam etdirməyə imkan verir. 30-35 yaşdan sonra ilk hamiləliyini yaşayanlar orqanizmin fizioloji xüsusiyyətlərinə görə bir sıra genetik xəstəlikli uşaqları dünyaya gətirə biləcəklərini mütləq nəzərə almalıdırlar.

    - Bu gün yumurtalıqların dondurulması bir çox ölkədə tətbiq edilir. Bizdə bu üsulla bağlı müraciətlər varmı? Bu prosesdən sonra doğulan uşaqların səhhətində problemlər ola bilərmi?

    - Qadın yumurtaları və kişi spermetazoidlərinin dondurulması xaricdə 20 il öncədən istifadə olunan bir metodikadır. İlk dəfə bu üsul xərçəng xəstəliyindən əziyyət cəkən qadının reproduktiv funksiyasını yerinə yetirmədiyini nəzərə alıb, sonradan onun ana olması üçün kimyaterapiyadan öncə laporoskopik üsulla yumurtalıqları çıxarılıb duru azotda saxlanılıb. Bu zaman yumurtalıq toxuması donmayıb, sadəcə saxlandığı şəraitə uyğun olaraq hüceyrədaxili mübadilə prosesləri ləngimiş olub. Kimyaterapiya kursları tamamlandıqdan və qadın tam sağaldıqdan sonra o yumurtalıq toxumaları çözülərək, yenidən qadının bədəninə transplantasiya edilib, xüsusi yüksək texnologiyalardan istifadə edilərək, ana olmaq şansı bəxş olunub. Bizdə hələ ki, bu, tətbiq edilməyib. Bu proses xarici ölkələrdə əsasən xərçəngdən əziyyət çəkən qadınlar üçün istifadə olunur. Azərbaycanda isə hələ ki, bu məqsədlə müraciətlər qeydə alınmır. Yumurtaların saxlanması üçün lazım olan avadanlıqların və xüsusi mayelərin əldə olunmasından və metodikaların mənimsənilməsindən sonra mümkündür. Hesab edirəm ki, yaxın gələcəkdə bizdə də bu üsul tətbiq ediləcək.

    "Maddi maraq güdən həkimlər süni qidaların istifadəsini məsləhət görür"

    - Bir neçə il əvvəl Belarusdan olan ginekoloq Aleksandr Barsukov müsahibəsində Azərbaycan qadınlarının problemlərindən danışmış onların düzgün qidalanmadığını demişdi. Həmçinin qadınların ginekoloq yanına mütləq ana, qayınana, ya da bir qohumla gəlməsini ilk dəfə ölkəmizdə gördüyünü demişdi. Siz ginekoloq olaraq hansı problemlərlə qarşılaşırsınız?

    - Həmin ginekoloqla tam mənada razılaşa bilmərəm. Hesab edirəm ki, Belarus xalqında olduğu kimi, azərbaycanlıların da özünəməxsus adətləri var. Gəlinin ilk hamiləlik vaxtı müayinəyə yaşlı bir qadın - ailə üzvü ilə gəlməsinə müsbət baxıram. Bəzən həkimin dediyi sözü gənc ana başa düşmür, yanındakı böyük isə daha yaxşı anlamasında kömək edir. Çünki onun təcrübəsi var. Xəstənin yanındakı şəxsin müdaxiləsinə gəldikdə, bu qadın məsləhətxanalarındakı həkimin təcrübəsindən asılıdır. Qidalanmaya gəldikdə, düşünürəm ki, Azərbaycan qadınları düzgün qidalanır.

    - Son olaraq bu günlərdə doğum evlərində uşaq qidalarının verilməsi prosesinə nəzarətin gücləndirilməsi barədəki qərarı şərh etməyinizi istərdim. Bu, doğum evlərində süni qidaların qadağan edilməsi deməkdir?

    - Burada söhbət uşaq ölümlərinin azaldılması ilə bağlı tədbirlərdən gedir. Həmin tədbirlərin bir hissəsində Doğuşayardım tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinqi və qiymətləndirilməsi bəndindəki süni qida qarışıqlarının istifadəsinə ciddi nəzarətin təmin edilməsi nəzərdə tutulur. Yəni uşaq qidalarının verilməməsi yox, prosesə nəzarətin gücləndirilməsi deməkdir. 40 həftəliyində doğulmuş uşaq ana südü ilə qidalana bilirsə, erkən doğulmuşlara əlavə qidaların verilməsi qaçılmaz olur. Hansı qidanın verilməsi isə həkim-neonatoloq tərəfindən təyin edilməlidir. Bəzi hallarda maddi maraq güdərək, həkimlər süni qidaların istifadəsini məsləhət görür. Hərdən isə gənc anaların özləri süni qatışıqlara üstünlük verirlər. Hesab edirəm ki, zəruriyyət olduqda həkim resepti ilə yazılmış qida qatışığı dərman vasitəsi kimi alınmalıdır. Bunu həyata keçirmək üçün yaradılmış Əlaqələndirici Şura üzvləri tərəfindən bir sira təkliflər irəli sürülüb. Bu təkliflərin biri də doğum evlərində anaların uşaq qidalandırması ilə bağlı xüsusi blanklardı. Onlar hazırlanıb, Səhiyyə Nazirliyinə təqdim edilib. Düşünürəm ki onların hər bir doğum evində tətbiqi bu nəzarətin gücləndirilməsinə təkan verəcək.

    Milli.Az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR