Azərbaycan və Türkmənistan nəqliyyat-logistika sahəsində əməkdaşlığı dərinləşdirmək, Şərq–Qərb nəqliyyat dəhlizinin inkişafını sürətləndirmək və tranzit yükdaşımalarının həcmini artırmaq barədə razılığa gəlib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Bakıda keçirilən birgə mətbuat konfransında bildiriblər.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında logistik əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, dünyada etibarlı nəqliyyat marşrutlarına tələbat artır və bu səbəbdən iki ölkə tranzit yükdaşımalarının genişləndirilməsi üçün fəaliyyətini daha sıx əlaqələndirəcək.
Prezident bildirib ki, tərəflər nəqliyyat-logistika sahəsində koordinasiyanı gücləndirmək, yük axınını artırmaq və üçüncü ölkələrin yüklərinin cəlb olunması istiqamətində birgə işləmək barədə razılığa gəliblər.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə ölkəsinin Azərbaycanla beynəlxalq platformalarda əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb. O bildirib ki, tərəflər hər iki ölkənin ərazisindən keçən Şərq–Qərb nəqliyyat-tranzit dəhlizlərinin yaradılması və inkişafı üzrə sıx əməkdaşlıq barədə razılıq əldə ediblər.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Türkmənistan prezidentlərinin rəsmi görüşü keçirilib. Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, enerji, kimya və toxuculuq sənayesi sahələrində əməkdaşlığın inkişafı da əsas müzakirə mövzularından olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.