Şəhid övladları üçün ilk zəng çalınır

Yeni tədris ili Vətən müharibəsində şəhid olan qəhrəmanların ailələri üçün də xüsusi məna daşıyır. Zəfər ilində dünyaya gələn bir sıra şəhid övladları bu il ilk dəfə məktəbə başlayırlar.
Zaqatalada yerləşən akademik Zərifə Əliyeva adına liseydə təhsil alacaq şagirdlər arasında Vətən Müharibəsi Qəhrəmanı, XTQ kapitanı İsmayıl Səmədovun oğlu Mehdi Səmədov, baş çavuş Abdurahman İsrafilovun qızı Nilay İsrafilova və şəhid əsgər Elvin Məmmədovun qızı Ahunur Məmmədova da var.
Onlar atalarını çox kiçik yaşlarında itiriblər. Mehdi atasının şəhid olduğu vaxt 10 aylıq, Ahunur 7 aylıq, Nilay isə cəmi 10 günlük idi.
Bu il ilk dəfə məktəbə gedəcək üç şəhid övladı eyni təhsil ocağında birinci sinif şagirdi olacaq.
Qeyd edək ki, şəhid İsmayıl Səmədovun qızı Nurgül də akademik Zərifə Əliyeva adına liseydə təhsilini davam etdirir və hazırda 3-cü sinifdə oxuyur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.