Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının təşkilatçılığı və “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Aynur Sabitova çıxışında Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolu vurğulayıb.
“Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir,” – deyə o qeyd edib.
Sabitova bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu nüfuz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. “Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, o cümlədən https://qerbiazerbaycanirsi.az (
https://westernazheritage.com ) elektron bazası və “Danışır tarix” filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır,” – deyə Sabitova əlavə edib.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri
Cəsarət Hüseynzadə çıxışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə çərçivəsində https://qerbiazerbaycanirsi.az (
https://westernazheritage.com ) adlı elektron baza yaradılıb və “Danışır tarix” filmi hazırlanıb.
“Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat elektron bazaya daxil edilib,” – deyə Hüseynzadə vurğulayıb.
O əlavə edib ki, “Danışır tarix” filmi “Səlim karvansarası,” “Təpəbaşı məscidi” və “Əmir Səəd məqbərəsi” kimi abidələrdən bəhs edir. Hüseynzadə Ermənistanın Azərbaycan abidələrini məhv etməsinin milli mədəniyyətimizə və tariximizə vurduğu zərərləri xüsusi qeyd edib. “Bu abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar,” – deyə o bildirib.
Sonra “Danışır tarix” filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb.
Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti
Boran Əziz ermənilərin tarixi abidələri saxtalaşdırmaq və dağıtmaq cəhdlərini konkret faktlarla misal çəkərək, bu istiqamətdə daha çox filmlərin və araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
Nuranə Nuriyeva, Azərbaycan Dilçiliyi kafedrasının müdiri, dosent
Fərəh Niftəliyeva, Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dissertantı
Günay Əliyeva və “Ailələrə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin sədri
Elnurə Abuşova da çıxış edərək, çıxış edərək, film haqqında fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.