Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciəti
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.
Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.