Azərbaycan Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində ənənəvi keçirilən və İslam turizmi sahəsində tanınmış sərgilərdən hesab olunan Dünya İslam Turizm və Ticarət Sərgisi və Dünya Mədəniyyət və İncəsənət Festivalında (The World Islamic Tourism and Trade Expo/WITEX and World Cultural and Arts Festival/WCAF) təmsil olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin turizm imkanları və mədəniyyətinin Malayziyada təbliği məqsədilə Malayziyadakı səfirliyimiz, eləcə də Kuala-Lumpurda yaşayan soydaşlarımızın təşkilatçılığı ilə sərgidə Azərbaycan milli stendi fəaliyyət göstərib.
Ölkəmizlə yanaşı, Malayziya, İndoneziya, Vyetnam, Çin, İspaniya, Özbəkistan, Qazaxıstan da daxil olmaqla 150-dən çox stendin olduğu sərginin açılışında Malayziya Baş nazirinin siyasi məsələlər üzrə baş katibi Datuk Seri Şamsul İskandar Mohd Akin, habelə Malayziya Turizm Agentliyi Assosiasiyasının prezidenti və WITEX/WCAF-ın sədri Dato’ Sri Mohd Xalid Harun ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendini ziyarət edib, mədəniyyəti və turizm imkanlarımız barədə məlumatlandırılıblar.
Sərgi zamanı Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, milli geyimlərimiz, xalçalarımız, kəlağayı və digər sənətkarlıq nümunələri nümayiş etdirilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Tədbirin mədəni proqramında Azərbaycanın “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub.
Sərgiyə paralel olaraq WITEX nazirlər və baş icraçı direktorlar sammiti çərçivəsində aparılan panel müzakirələrində Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Sərxan İsmayılov ölkəmizin turizm potensialı barədə təqdimat edib. O, Azərbaycanda turizm sahəsinin inkişafı ilə bağlı görülən işlər, ölkəmizin turizm məhsulları və marşrutları, UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də qış turizm imkanları haqqında məlumat verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.