AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir telefon zənginin ömürlük xatirəsi...

  • + A
  • - A
  • Dünən, 19:32

    Bir telefon zənginin ömürlük xatirəsi...

    Bu gün Azərbaycan ədəbiyyatı ağır itki ilə üzləşdi. Xalq şairi Nəriman Həsənzadə 95 yaşında dünyasını dəyişdi. Onun yaradıcılığı haqqında çox yazılacaq, poeziyamıza verdiyi töhfələrdən, ictimai fəaliyyətindən danışılacaq. Mən isə Nəriman müəllimi tamam başqa bir cəhəti ilə xatırlamaq istəyirəm – böyük ürək sahibi, xeyirxah və təvazökar insan kimi.
    Hər bir insanın yaddaşında illər keçsə də silinməyən xatirələr olur. Mənim də Nəriman müəllimlə bağlı belə bir xatirəm var.
    O vaxt "Azərbaycan gəncləri" qəzetində müxbir işləyirdim. Eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Qrup nümayəndəsi idim.
    Bizə ədəbiyyatdan Raifə xanım dərs deyirdi. Çox ciddi, tələbkar müəllim idi. Tələbələrin əksəriyyəti ondan çəkinirdi. Düzünü desəm, mən də istisna deyildim. Bir gün qorxduğum başıma gəldi – imtahanda məni kəsdi.
    Təkrar imtahan yaxınlaşırdı. Ətrafımdakılar deyirdilər:
    – Mütləq kiməsə tapşırıl. Yoxsa yenə kəsəcək...
    Amma mən düşünürdüm: "Mən özümü kimə tapşıra bilərəm? Raifə müəllim kimin sözünü eşidər?"
    İş yoldaşlarımdan biri gözlənilmədən dedi:
    – Nəriman Həsənzadəyə müraciət et. Raifə xanım onun sözünü eşidər.
    Bu fikir mənə həm yaxın, həm də əlçatmaz görünürdü. Axı mən Nəriman Həsənzadəni yalnız böyük şair kimi tanıyırdım. Onunla heç bir şəxsi tanışlığım yox idi.
    O zaman Nəriman müəllim "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru idi. Redaksiyamız eyni binada yerləşirdi. Biz səkkizinci mərtəbədə, onlar isə doqquzuncu mərtəbədə işləyirdilər.
    Uzun müddət tərəddüd etdim. Dəfələrlə doqquzuncu mərtəbəyə qalxmaq istədim, sonra fikrimdən daşındım. Öz-özümə deyirdim: "Heç tanımadığı bir adam üçün niyə vaxt ayırsın?"
    Amma başqa yolum da yox idi.
    Bir gün cəsarətimi toplayıb redaksiyalarına getdim. Qapını döyüb içəri girdim. Özümü təqdim etdim. Harada işlədiyimi, harada oxuduğumu söylədim. Çəkinə-çəkinə bütün dərdimi danışdım.
    Nəriman müəllim diqqətlə qulaq asdı. Sonra üzündəki mehriban təbəssümlə soruşdu:
    – Sənə kim dedi ki, mən Raifə xanımı tanıyıram?
    – İş yoldaşlarım, – dedim.
    Gülümsədi. Heç bir narazılıq etmədi, məni pərt vəziyyətə salmadı. Elə həmin an telefonun dəstəyini götürdü, Raifə xanıma zəng etdi. Mənim haqqımda danışdı, xahişini etdi. Sonra dedi ki, yeni kitabın çıxıb, biri imzalayıb bu qızdan sizə göndərəcəm...
    Telefon danışığı bitəndən sonra
    otaqda kitabı axtardı, tapa bilmədi.
    – Sabah evdən gətirərəm, gələrsən apararsan, – dedi.
    Aşağı düşdüm. Nəşriyyatın birinci mərtəbəsində kitab mağazası vardı. Düşündüm ki, Nəriman müəllimi əliboş narahat etmək düzgün olmaz. Onun kitabını aldım, yenidən otağına qayıdıb imzalamasını xahiş etdim. Böyük məmnuniyyətlə imzaladı.
    Ertəsi gün kitabı götürüb universitetə getdim. Kafedraya daxil olub kitabı Raifə xanıma təqdim etdim.
    Kitabı görən kimi hər şeyi başa düşdü.
    Heç nə soruşmadı, heç nə demədi. Dedi otur sualları yaz. Yazdım, sonra cavab verdim,
    qiymətimi yazdı.
    Bu hadisədən uzun illər keçir.
    Bu gün Nəriman müəllimin vəfat xəbərini eşidəndə ilk yada saldığım nə hansısa şeiri oldu, nə də televiziya çıxışları. İlk xatırladığım o kiçik otaq, o səmimi təbəssüm və bir telefon zəngi idi.
    Əslində, o telefon zəngi sadəcə bir tələbənin imtahan taleyini həll etmədi. Mənə bir həqiqəti öyrətdi: insanın böyüklüyü yalnız yazdığı kitablarla, qazandığı adlarla ölçülmür. Böyüklük tanımadığın bir insanın problemini öz problemin kimi qəbul etmək, ona əl uzatmaq, ümid verməkdir.
    Nəriman Həsənzadə bunu bacarırdı.
    Mən onun nə qohumu idim, nə dostu, nə də yaxın tanışı. Sadəcə, köməyə ehtiyacı olan bir gənc idim. O isə heç tərəddüd etmədən mənə kömək etdi.
    İllər keçdi. Mən jurnalist kimi fəaliyyət göstərdiyim illərdə yüzlərlə insanla görüşdüm. Amma Nəriman müəllimin o sadə, təmənnasız yaxşılığı heç vaxt yadımdan çıxmadı.
    Bu gün onun haqqında düşünəndə bir misra yox, bir insanlıq dərsi yadıma düşür.
    Allah Xalq şairi Nəriman Həsənzadəyə rəhmət eləsin.
    Onun yazdıqları Azərbaycan ədəbiyyatında yaşayacaq.
    Onun etdiyi yaxşılıqlar isə insanların yaddaşında...
    Ruhu şad olsun.
    Şəmsiyyə Kərimova,
    Əməkdar jurnalist
    02.08.2026 Tovuz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR