Son günlər sosial şəbəkələrdə Azərbaycanın sənət dünyasının tanınmış siması, müğənni-bəstəkar, diplomat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu haqqında müxtəlif söz-söhbətlər dolaşır. Söhbətin əsas mövzusu isə guya onun yenidən ailə qurmasıdır.
Maraqlıdır, insanları bu qədər narahat edən nədir?
81 yaşında bir insanın ailə qurması niyə kiminsə məsxərəsinə çevrilməlidir? Niyə bir insanın şəxsi seçimi haqqında min cür söz demək, onu lağa qoymaq, “bu yaşda evlənərlərmi?” kimi suallar vermək kiməsə haqq qazandırır?
Axı yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil.
İnsan nə vaxtsa sevməkdən, sevilməkdən, birinə bağlanmaqdan, yanında etibar etdiyi bir insanın olmasını istəməkdən məhrum edilmir. Əksinə, yaş artdıqca insanın yanında onu anlayan, qayğı göstərən, xəstələnəndə başının üstündə duran, bir stəkan su verən, söhbətini dinləyən birinin olması bəlkə də daha vacib olur.
Biz bəzən “övladlar var, onlar baxar” deyirik. Amma həyat artıq əvvəlki həyat deyil. Övladların biri başqa şəhərdə, biri başqa ölkədə yaşayır. Kiminin işi-gücü, ailəsi, öz problemləri var. Bəzən övlad yanında olsa belə, ata-ananın hər an ehtiyac duyduğu mənəvi və fiziki qayğını göstərə bilmir.
Ona görə də insanın həyat yoldaşı, sevdiyi insan, dostu, sirdaşı onun qocalıq illərində ən böyük dayağı ola bilər.
Bəs bunun nəyi pisdir?
Əgər bir kişi 80 yaşında özünü sağlam, gümrah və həyata bağlı hiss edirsə, niyə onun yaşamaq həvəsini biz müəyyən etməliyik? Əgər bir qadın 70-80 yaşında həyatında yeni bir səhifə açmaq istəyirsə, niyə ona “artıq gecdir” deyilməlidir?
Sevginin təqvim yaşı yoxdur.
Ailə qurmağın da.
İnsan 20 yaşında evlənəndə hamı alqışlayır, 40 yaşında evlənəndə “gecikdi” deyirlər, 60 yaşında evlənəndə təəccüblənirlər, 80 yaşında evlənəndə isə sosial şəbəkədə məsxərə obyektinə çevirirlər.
Bəs niyə?
İnsanın neçə il ömrü qaldığını biz bilirikmi? Bəlkə həmin insan qarşıdakı 10-20 ili əvvəlki 10-20 ildən daha xoşbəxt yaşayacaq? Bəlkə həyatının ən sakit, ən rahat, ən gözəl günləri hələ qarşıdadır?
Heç kim sabahını bilmir.
Ona görə də başqasının həyatına bu qədər rahatlıqla hökm verməkdən əl çəkmək lazımdır.
Polad Bülbüloğlu kimi böyük sənət yolu keçmiş, ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş bir insanın şəxsi həyatı ilk növbədə onun öz məsələsidir. Onun seçiminə hörmət etmək lazımdır. Bəyənmirsinizsə, evlənməyin. Sizə görə gecdirsə, özünüz üçün gecdir. Amma başqasının həyatına öz ölçünüzlə qiymət verməyin.
Bir insanın yaşına yox, yaşamaq istəyinə baxın.
İstər kişi olsun, istər qadın — insan özünü yaxşı hiss edirsə, sağlamdırsa, sevirsə və sevilirsə, həyatının hansı yaşında olmasından asılı olmayaraq yanında bir insan istəməyə haqqı var.
Bəlkə də bizim “bu yaşda nə evlənmək?” deyə gülməyimizdənsə, bir az düşünməyimiz lazımdır:
Qocalanda insanın ən böyük ehtiyacı puldan, var-dövlətdən çox, yanında bir nəfərin “mən buradayam” deməsidir.
Ona görə ağlınızı başınıza yığın.
Sağlam olun, həyat eşqiniz olsun, ürəyiniz sevgi istəsin — 90 yaşında da qarşınıza sizə yaraşan bir insan çıxsa, ailə qurun.
Kim nə deyəcək?
Qoy desin.
Həyatı yaşayan sizsiniz, onlar yox.
Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist