Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə avqustun 24-25-də yerli turizm sənayesi nümayəndələri üçün Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri təşkil olunub.
50 turizm sənayesi nümayəndəsinin iştirak etdiyi səfər çərçivəsində Xankəndi, Şuşa və Laçın şəhərlərinə baş çəkilib. Səfərin əsas məqsədi iştirakçıların regionun turizm potensialı, zəngin mədəni-tarixi irsi, təbii resursları, mövcud infrastruktur və yaradılan yeni turizm imkanları barədə məlumatlandırılması olub.
Proqram çərçivəsində turizm nümayəndələri müxtəlif turizm məkanlarını ziyarət edib, bölgədə fəaliyyət göstərən qonaqpərvərlik obyektləri və xidmət imkanları ilə tanış olublar. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun gələcək turizm marşrutlarına daxil edilə biləcək yeni təcrübələr və məhsullar barədə fikir mübadiləsi aparılıb.
Səfərin yerli turizm şirkətlərinin region haqqında praktiki biliklərinin artırılması, yeni turizm paketlərinin hazırlanması və biznes əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilib.
Qeyd edək ki, yerli turizm sənayesi nümayəndələrinin Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları ilə tanış edilməsi məqsədilə bu formatda səfərlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.