Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin şöbə müdirləri Oqtay Hüseynov, Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Cavad Miriyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bölgədə dini durumun sabit olduğunu qeyd edib. Şöbə müdiri yeniyetmə və gənclərin iştirakı ilə mütəmadi maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri barədə danışıb. Formalaşmaqda olan yeniyetmə və gəncləri radikal dini təsirlərdən qorunmasının vacibliyinə diqqət çəkən S.Salahlı əlavə edib ki, Dövlət Komitəsi tərəfindən aidiyyəti orqanlarla birlikdə bu istiqamətdə genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilir. O, radikal dini qrupların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. S. Salahlı bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin intensiv davam etdirildiyini diqqətə çatdırıb.
Dövlət Komitəsi sədrinin birinci müavini insanların dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında ölkəmizdə din azadlığının, insan hüquqlarının müdafiəsinin hər zaman ön planda olduğunu qeyd edib. Eyni zamanda o, İslamın sülh və həmrəylik dini kimi radikalizmə və ekstremizmə “yox” dediyini vurğulayıb.
Noyabrın 30-da öz işini davam etdirəcək seminarda yeniyetmə və gənclərə dini radikalizm və ekstremizm barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.