NETANYAHU MISİRİN 7 OKTYABR HÜCUMU İLƏ BAĞLI İSRAİLİ XƏBƏRDAR ETDİYİ İDDİASINI TƏKZİB EDİB

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın planlaşdırdığı hücum barədə İsraili əvvəlcədən xəbərdar etməsi ilə bağlı məlumatları təkzib edib.
Netanyahunun rəsmi səhifəsində yayılan açıqlamada bildirilir ki, hücumdan əvvəlki aylarda o, həmin vaxt Misir kəşfiyyatının rəhbəri olan Abbas Kamellə nə görüşüb, nə də telefonla danışıb. Həmçinin İsrail kəşfiyyat qurumlarının Misirdən daxil olduğu bildirilən xəbərdarlığı baş nazirə çatdırmadığı qeyd olunub.
Bu açıqlama The Wall Street Journal qəzetinin yaydığı məlumatdan sonra verilib. Qəzet mənbələrinə istinadən Misirin İsraili HƏMAS-ın hücum hazırlığı barədə bir neçə dəfə xəbərdar etdiyini yazıb.
Netanyahu bu iddiaların müəlliflərinə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət olunması barədə göstəriş verib.
İsrail Baş naziri daha əvvəl də 7 oktyabr hücumu ərəfəsində baş verənlərlə bağlı yayılan məlumatlara görə hüquqi addım atıb. O, Haaretz qəzetinin hücumdan 10 gün əvvəl BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığı aparması barədə yaydığı iddianı da təkzib edib.
Netanyahunun sözlərinə görə, Baş nazirin Aparatı, Milli Təhlükəsizlik Şurası və hərbi katiblik həmin dövr üzrə telefon danışıqlarını yoxlayıb və belə bir söhbətin qeydə alındığına dair məlumat aşkar edilməyib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS və digər Fələstin qruplaşmalarının silahlı üzvləri Qəzza zolağından İsrail ərazisinə hücum edib. Hadisə nəticəsində çoxsaylı insan həlak olub, təxminən 250 nəfər girov götürülüb. Hücum Qəzzada uzunmüddətli müharibənin və regionda genişmiqyaslı eskalasiyanın başlanmasına səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.