AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz” mövzusunda konfrans keçirilib

  • + A
  • - A
  • 29-11-2022, 20:28

    Bakıda “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz” mövzusunda konfrans keçirilib

    Noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Erməni vandalizminin qurbanı olmuş dini abidələrimiz” mövzusuna həsr olunmuş konfrans keçirilib. Din xadimləri, müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Fərqin üstünlüyü” adlı sənədli filmin nümayişi ilə başlayıb.

    Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini abidələrə qarşı Azərbaycan və Ermənistanın sərgilədiyi fərqli münasibətə diqqət çəkib. Bildirib ki, multikultural və tolerant dəyərlərin mənəvi sərvət kimi qorunub-saxlanıldığı ölkəmizdə bütün dinlərə, mədəni, tarixi, dini abidələrə hörmətlə yanaşılır. Azərbaycanlılar üçün məscid, kilsə, sinaqoq Allah evi kimi qəbul edilir, dini məbədlər qorunur. Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edildiyini vurğulayan G.İsmayılov 2010-cu ildə bütün ermənilərin katolikosu II Qareginin bu ibadətgahda olduğunu xatırladıb. Sədr müavini qeyd edib ki, Ermənistanın Azərbaycan mədəni irsinə aid tarixi, dini abidələrə münasibətinə baxdıqda bu fəaliyyətin məqsədyönlü şəkildə, planlı formada həyata keçirdiyinin şahidi oluruq. Ermənistan məqsədli şəkildə İslam mədəniyyətinə aid bütün izləri silməyə çalışıb. Bu məqsədlə 192 ziyarətgah, 65 məscid dağıdılıb. Ağdam Cümə məscidinin saxlanılmasının səbəbi isə sırf Ermənistan tərəfindən onun hərbi məqsədlə arientir kimi istifadə edilməsidir. Dövlət Komitəsinin sədr müavini əlavə edib ki, Ermənistanın Azərbaycan məscidlərindən tövlə kimi istifadə etməsi, xüsusilə də orada donuz saxlaması ilə bağlı təkzibolunmaz faktları beynəlxalq təşkilatların əksəriyyəti görməzdən gəldi. Yalnız İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət kimi tanıdı. Bütün bunlar isə Ermənistanın beynəlxalq aləmdə, xüsusilə də İslam dünyasında nüfuzuna ciddi zərbə vurduğu üçün ermənilər məkirli niyyətlə yuxarı Gövhər Ağa məscidini bərpa etməyə çalışdılar, qədim ibadətgahımızı İran, Fars məscidi kimi qələmə verdilər. Bu hadisənin ilk olmadığını deyən G.İsmayılov ermənilərin İrəvanda Azərbaycanlıların tarixi Göy məscidini bərpa edərək onu İran məscidi adı ilə təqdim etdiklərini və İran Mədəniyyət Mərkəzi kimi bu gün də istifadə etdiklərini diqqətə çatdırıb. Xristian dininə aid olan abidələrə gəlincə, G.İsmayılov bildirib ki, Alban məbədlərinə münasibətdə ermənilərin məqsədi özününküləşdirmək mahiyyəti daşıyıb. Bunun üçün onlar tarixi Alban məbədlərini qriqoryanlaşdırdılar və onların interyerində, kitabələrində saxtakarlıqlara əl atıblar. Sədr müavini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu yalanların ifşası istiqamətdə sənədli filmlərin hazırlandığını, kitabların nəşr etdirildiyini də söyləyib.

    Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov çıxışında ermənilər tərəfindən böyük vəhşiliklə məhv edilən tarixi əhəmiyyətli İslam dininə aid mədəniyyət nümunələri - qəbirüstü abidələr, türbələr, ibadət yerləri barədə danışıb. O qeyd edib ki, təkcə İslam yox, həmçinin Xristian dininə aid tarixi abidələrimiz 30 illik erməni terroruna məruz buraxılıb, tarixi memarlıq abidələrinin forma və məzmunu dəyişdirilib, azərbaycanlıların izlərinin itirilməsi üçün saxtakarlığa yol verilib.

    Azərbaycan Respublikası Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili “İşğaldan azad olunmuş ərazilərdə alban məbədlərinin saxtalaşdırılması, tikinti materialları və bağlayıcıların mineraloji-geokimyavi tərkibi” mövzusunda təqdimatla çıxış edib. Ermənilərin xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atması, buna bütün dövrlərdə aramsız cəhdlər göstərməsi faktlarına diqqət çəkən R.Mobili Xudavəng, Gəncəsar, Ağoğlan məbədlərinin həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsus olduğunu bildirib. Qeyd edib ki, burada edilən saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.

    Konfrans işini müzakirələrlə yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR