“Şəfiqə Məmmədovanın saxta seçki keçirməsinə və özünü saxta yolla sədr elan etməsinə etiraz olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıram”
Bu sözləri Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev Medianew.az-a açıqlamasında bildirib. O, seçkinin saxtalaşdırıldığı və dövlət tərəfindən ayrılan büdcənin şəxsi mənfəət uğruna mənimsənildiyi yerdə çalışa bilməyəcəyi üçün istefa ərizəsini yazdığını, imzalanması üçün rəhbərliyə təqdim etdiyini qeyd etdi:
“2016-cı ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıram. Vəzifədən imtina etməyimə səbəb Şəfiqə Məmmədovanın yeni ildən öncə saxta seçki keçirərək özünü yenidən sədr elan etməsidir. İttifaqın saytında Şəfiqə Məmmədovanın sədr seçilməsi ilə bağlı xəbər də yerləşdirilib. Bildirilib ki, 9 katib də onun sədrliyini təsdiqləyib. Lakin katiblərin heç birinin bu mövzudan xəbəri yoxdur. Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev də bununla bağlı açıqlama veriblər. Hətta Ayaz Salayevin seçkini təkzib edən açıqlaması da qurumun öz saytında yerləşdirilən məlumata əlavə edilib”.
Əli Vəliyev qurumda yoxlamalar aparılmasını təklif edir:
“Şəfiqə xanım öz oğlu Ülvi Mehdini qanunsuz şəkildə vəzifəyə təyin edib. Ana-oğul birlikdə oradakı hər kəsdən çox maaş alır və son artımları da özlərinə şamil ediblər. Digər şəxslərin maaşında isə heç bir artım olmayıb. Onu da qeyd edim ki, sədr Şəfiqə Məmmədova katiblərin adından Maliyyə Nazirliyinə məktub ünvanlayıb. Yazılan müraciətdə katiblərə veriləcək maaşın məbləğ qeyd olunub. Ancaq bu yolla o, dövlət büdcəsindən qurum üçün ayrılan vəsaiti də mənimsəməyə başlayıb. İttifaqda cəmi 10 nəfər işçi var. Onların arasında ən çox maaş alan şəxsin əməkhaqqı məbləği 700-800 manatdan çox deyil. Ayrılan büdcə hesabına burada nə simpozium, nə də tədbir keçirilmir. Quruma hər il dövlət büdcəsindən 400 min manat ayrılır. Mən təklif edərdim ki, İttifaqda yoxlamalar aparılsın və nəzərdə tutulan büdcənin hara və necə sərf olunduğu aşkara çıxsın”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.