Azadmedia.az Təhsil İnkişaf Fondunun sədri Elnur Nəsibovun müəllimlərin sertifikatlaşdırılması prosesinin imtahan mərhələsi barədə fikirlərini təqdim edir:
"Dünən təhsildə həm mahiyyət, həm də miqyas baxımından ən böyük proseslərdən biri olan müəllimlərin sertifikatlaşdırılması prosesinin imtahan mərhələsi uğurla başa çatdı. Ölkəmizin 13 şəhərində yerləşən 23 mərkəzdə baş tutan sertifikatlaşdırma 20-23 iyun tarixlərdə ibtidai sinif müəllimləri, 24 iyun tarixdə isə Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün keçirilmişdir.
Ümumilikdə, 20,000 ibtidai sinif müəllimi və 8500 dil və ədəbiyyat müəlliminin iştirak etdiyi sertifikasiya prosesi təhsil sisteminə, cəmiyyətimizə nə verəcək?
Təhsil prosesini təşkil edən tədris, məzmun və qiymətləndirmədə ən mühüm faktorlardan birincisi elə keyfiyyətli tədrisdir. Bu baxımdan, sertifikatlaşdırma tədrisin keyfiyyətinin artırılması üçün səmərəli mexanizm sayıla bilər. Bu mexanizm uzun müddətdir ki, bir sıra xarici dövlətlərin təhsil sisteminin təkmilləşdirilməsində tətbiq edilir. Ölkəmizdə də bu təcrübənin tətbiqi və genişləndirilməsi təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasını gücləndirəcəkdir.
Sertifikatlaşdırma həmçinin müəllimləri sosial-iqtisadi vəziyyətinin və ədalətli ödəniş sisteminin inkişafı baxımından da mühüm rola malikdir. Sertifikatlaşdırmadan uğurla keçən, minimum göstəricilərdən yuxarı nəticə göstərən müəllimlər və bu prosesdə uğur qazana bilməyənlər arasında differensiallaşma mühüm stimul vasitəsidir. Bu müəllimlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, rəqabət mühitinin inkişafı və nəticədə də tədris keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaqdır.
Müəllimlərin sertifikatlaşdırılması prosesi yalnız təhsil sisteminə aid mövzu deyil. Bu gün cəmiyyətimizin təhsildən böyük gözləntiləri var. Bir sıra hallarda mütəxəssislər, ictimai fəal insanlar təhsilə diqqət göstərir, müxtəlif hadisələri şərh edir, münasibət bildirir və tövsiyələr verir. Bu özü-özlüyündə müsbət haldır və cəmiyyətin təhsilə biganə qalmadığının göstəricisidir. Eyni zamanda, ictimaiyyətdə ümumi sosial-iqtisadi inkişafda təhsilə böyük ümidlərin olduğunun göstəricisidir.
Məhz elə bu səbəbdən, təhsil islahatlarının əsasını təşkil edən müəllimlərin sertifikatlaşdırılması, müəllimlərin işə qəbulu və digər mühüm proseslərin cəmiyyət tərəfindən dəstəklənməsinə ehtiyac var. Çünki ortamüddətli vədədə, hamımız cəmiyyət olaraq bu proseslərin müsbət nəticələrini görüb ondan bəhrələnmək imkanına malik olacağıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.