AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT QAK və AFFA Bakıda inklüziv mini-futbol turniri keçirir

  • + A
  • - A
  • 11-06-2024, 21:23

    BMT QAK və AFFA Bakıda inklüziv mini-futbol turniri keçirir


    Bakı, Azərbaycan – 11 iyun 2024-cü il

    Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq şəraitində bu gün, 11 iyun 2024-cü ildə Koroğlu metrosunun yaxınlığındakı Sportster stadionunda saat 15:30-dan 19:15-dək inklüziv mini-futbol turniri təşkil edir. Bu unikal tədbirdə qaçqın icmalarını, BMT QAK-ı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini və "Miqrasiya Könüllüləri" ictimai birliyini təmsil edən altı komanda, o cümlədən ayrıca mübarizə aparan iki qadın komandası iştirak edir.

    Turnir evlərini tərk etməyə məcbur olmuş insanların güc və cəsarətini qeyd etmək üçün hər il iyunun 20-də qlobal miqyasda qeyd olunan daha geniş tədbirin – Ümumdünya Qaçqınlar Gününün bir hissəsidir. Builki mini-futbol yarışının məqsədi ictimaiyyətin diqqətini çəkmək və didərgin insanların onlara ev sahibliyi edən icmalara effektiv inteqrasiyasını təşviq etməkdir.
    Həyat və ətraf mühit üçün vacib olan müxtəlif elementləri simvolizə edən komandalar "Fauna", "Flora", "Su", "Külək (Hava)", "Enerji" və "Kainat" tematik adları altında yarışırlar. Bu adlar 2024-cü ilin noyabrında Bakıda keçiriləcək 2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) mövzularına uyğundur.
    BMT QAK BMT-nin İqlim Dəyişikliyi Konfransında fəal iştirak edir, iqlim dəyişikliyinin didərginlik situasiyalarına necə təsir etdiyi barədə məlumatlılığı artırmaq üçün didərginlərin də müzakirələrə cəlb olunmasını təşviq edir. Biz Bakıda COP29-u dəstəkləməyə davam edəcəyik.
    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, münaqişə və təqiblər səbəbindən evlərini tərk etməyə məcbur olan insanları himayə edir. 130-dan çox ölkədə fəaliyyət göstərərək biz milyonlarla insanın həyatını xilas edən dəstək göstərməklə, fundamental insan hüquqlarını qoruyur və onlara daha yaxşı gələcək qurmağa kömək edirik.
    BMT QAK didərginlərin və vətəndaşlığı olmayanların həyatını yaxşılaşdırmaq niyyəti ilə idman proqramlarının təşkili, Ümumdünya Qaçqınlar Günü kimi vacib tarixlər barədə məlumatlandırma işlərinin aparılması, həmçinin birgə kampaniyaların keçirilməsi məqsədi ilə FİFA ilə əməkdaşlıq edir.
    Bundan əlavə, Azərbaycan hökuməti Qaçqınlar üzrə 2-ci Qlobal Forum zamanı qaçqınların inklüzivliyi və imkanlarının genişləndirilməsi vasitəsi kimi idmandan istifadə etmək öhdəliyini götürüb. Bu səylər qaçqın icmalarının rifahının və imkanlarının artırılmasında idmanın oynaya biləcəyi transformativ rolu önə çəkir.
    Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanda futbolun idarəedici orqanıdır. AFFA müxtəlif idman tədbirləri və təşəbbüsləri vasitəsilə idmanın futbol növünü bütün səviyyələrdə təbliğ edir, birlik və komanda işi ruhunu aşılamaq üçün tədbirlər görür.
    Bu mini-futbol tədbiri inklüzivliyin təşviqinə və birliyimizin möhkəmləndirilməsinə sadiqliyimizi göstərir. Bu tədbir qaçqınların və məcburi köçkünlərin dözümlülüyünü və cəmiyyətə töhfələrini alqışlamaqla yanaşı, onların vəziyyəti barədə məlumatlılığın artırılması üçün platforma rolunu oynayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR