AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya bu tarixdə hərəkətə keçəcək və KTMT... - Ermənistan üçün FACİƏVİ SSENARİLƏR REALLAŞIR

  • + A
  • - A
  • 20-11-2018, 12:46

    Rusiya bu tarixdə hərəkətə keçəcək və KTMT... - Ermənistan üçün FACİƏVİ SSENARİLƏR REALLAŞIR















    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daxilində baş verən proseslər, xüsusən Belarus və Qazaxıstanın Ermənistanla qarşıdurması İrəvanın təşkilatda təkləndiyini açıq şəkildə ortaya qoydu. Azərbaycanı KTMT-yə buraxmayacağını iddia edən Ermənistan əslində, son proseslərlə burada heç bir nüfuzunun olmadığını bir daha gördü. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın hesabat tələb etmək fikrində olduğu Belarusa səfəri isə, heç şübhəsiz ki, İrəvanın düşdüyü vəziyyəti tam çılpaqlığı ilə göstərir.

    Publika.az-a müsahibəsində Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri KTMT daxilində baş verən proseslər, təşkilatın siyasətinin müəyyənləşməsində Azərbaycan amili və Bakı-Minsk münasibətlərinə dair sualları cavablandırıb.

    - KTMT daxilində baş verən qarşıdurmaya diqqət yetirdikdə, üzdə olan səbəb təşkilatın baş katibininin təyinatı məsələsi görünür. Həqiqətənmi belədir, yoxsa, daha ciddi və pərdəarxası məqamlar var?

    - Məsələ yeni baş katiblə məhdudlaşmır. KTMT-nin baş katibinə cinayət işi açılması və onun cinayətkar elan olunması, bütövlükdə təşkilata üzv dövlətlərin imicinə böyük zərbə vurdu. İrəvanın bu hərəkətinə göz yummaq, təbii ki, gerçəyi qəbul etmək anlamına gəlirdi. Təbii ki, təşkilat adından İrəvana reaksiya vermədilər, amma dövlət başçıları ilk toplantısında bunun nə qədər arzuolunmaz səviyyədə tərtib olunduğunu anlatdılar. İkincisi, Ermənistanı cəzalandırmaq məqsədiylə, baş katib postunun başqa dövlətə verilməsini öz aralarında razılaşdırdılar. Nikol Paşinyan bu məsələdə iştirak etmirdi, burada əsas həledici tərəflər Rusiya, Qazaxıstan və Belarusun dövlət başçıları idi.

    - Konkret olaraq, Rusiyanın bu məsələdə mövqeyini necə xarakterizə etmək olar?

    - Təbii ki, bu məsələ Rusiyanın maraqları konteksində baş verir. Nikol Paşinyan rəhbərliyinin xarici siyasətinin hələ də qeyri-müəyyən olması Kremli ciddi şəkildə narahat edir. Ermənistan rəhbərliyindən bu istiqamətdə konkret seçim etməsi tələb olunur. Moskvanın bu tələbinə İrəvan hələ də cavab vermir. Bundan başqa, Ermənistanda ciddi hakimiyyət boşluğu var, parlament demək olar ki, fəaliyyət göstərmir. Buna görə də, Moskva İrəvanı cəzalandırmaq istiqamətində konkret qərarlar qəbul edə bilmir. KTMT səviyyəsində atılan bu addımların bir növ Rusiyanın Ermənistana cəza tətbiq etmək istiqamətində başlanğıc addım kimi dəyərləndirilməlidir. Bu, Paşinyan hökumətinə ciddi xəbərdarlıq mesajı idi. Ermənistan gələcəkdə bu yöndə səhvlər edərsə və Rusiyanın orbitindən çıxmaqla bağlı siyasi qərar verərsə, çox ciddi cavab addımların atılacağı və digər alternativlərin ola biləcəyi barədə xəbərdarlıq edilmiş oldu. Konkret qərar verilməsə də, digər ölkələrin KTMT-yə müşahidəçi statusunda yeni üzvlərin qəbulu ilə bağlı informasiyaların dövriyyəyə buraxılması təsadüf deyil. Azərbaycanın ciddi bir alternativ olması artıq Ermənistanın həm regionda, həm də birbaşa Dağlıq Qarabağ problemi ilə bağlı ciddi cəzalandırılması anlamını özündə daşıyacaq.



    - İrəvanın hərəkətləri Moskvanın maraqlarına toxunduğu aşkardır. Amma məhz Belarus və Qazaxıstanın Ermənistanla açıq qarşıdurmaya daxil olması nə ilə izah oluna bilər?

    - KTMT daxilində Ermənistanın boyunu aşan tələb və təkliflərinin qarşısına çıxanlar da zamana-zaman məhz Belarus və Qazaxıstan olub. Rusiya Ermənistana birmənalı olaraq ona görə qarşı çıxmır ki, bu, dünya gücləri tərəfindən dərhal tənqid atəşi ilə qarşılanacaq. Rusiya məhz Qazaxıstan və Belarusu irəli verməklə, bir növ dünya güclərinin hədəfi olmaq istəmir. Bu o vaxta kimi davam edəcək ki, Ermənistan dünya gücləri arasında seçim edəcək. Rusiya parlament seçkilərindən və İrəvan verəcəyi strateji qərardan sonra hərəkətə keçəcək.

    - Dünən Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər etdi. Fikrinizcə, Azərbaycan amili KTMT-də proseslərin istiqamətləndirilməsi baxımından hansı çəkiyə malikdir?

    - KTMT və Avrasiya İqtisadi İttifaqı kimi strukturlar Avrasiya məkanında strateji əhəmiyyət daşıyır. Başda Rusiya olmaqla, Belarus və Qazaxıstan kimi ölkələr də Azərbaycanın bu ittifaqlara qoşulmasını istəyir. Doğrudur, Azərbaycanın bu üç ölkə ilə ikitərəfli ciddi ticari-iqtisadi əməkdaşlığı mövcuddur, amma Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycanın bu birliklərə cəlb olunması onların statusunu və nüfuzunu qaldıracaq. Cənubi Qafqaz uğrunda Qərblə, xüsusən ABŞ-la Rusiya arasında son mübarizə başlayıb. Ermənistanda gedən proseslər də demək olar ki, bu prosesin tərkib hissəsidir. Bu baxımdan, Cənubi Qafqazın Azərbaycan kimi əhəmiyyətli bir ölkənin KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olması bu strukturların regionda, bütövlükdə qlobal səviyyədə əhəmiyyətini və gücünü artırmış olacaq. Buna görə də, Ermənistandan başqa, bütün üzv dövlətlər Azərbaycanın bu təşkilatlara qoşulmasını dəstəkləyirlər.

    - Məlum olduğu kimi, Azərbaycan Belarus istehsalı olan silahların əsas alıcılarından biridir. Belarus- Ermənistan münasibətlərinin indiki səviyyəsi Azərbaycan-Belarus hərbi-texniki əməkdaşlığı daha da sürətləndirən amil ola bilərmi?

    - Münasibətlər yalnız hərbi-texniki sahələrdə inkişaf etməyib, ölkələr həmçinin maliyyə və iqtisadi sahələrdə bir-birinə dəstək verirlər. Belarusla Rusiya arasında müəyyən maliyyə problemlərinin olduğu zaman, Azərbaycan Belarusa hava və su kimi lazım olan maliyyə dəstəyi vermişdir. Azərbaycan enerjidaşıyıcılarla bağlı Belarus, hətta Ukrayna və Gürcüstan kimi ölkələrə zaman-zaman dəstək verib və verməkdə davam edir. Düşünürəm ki, Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın səviyyəsi artan templə yüksələcək. Belarus Rusiyadan sonra bir sıra silahları, xüsusilə raket sistemləri istehsal edən, güclü müdafiə sənayesinə malik ölkədir. Azərbaycanın belə bir ölkə ilə münasibətlərinin yüksək səviyyədə olması ölkəmiz adına çox müsbət haldır. Zaman-zaman Rusiyanın geosiyasi maraqları konteksində Azərbaycanla Rusiya arasında müəyyən anlaşılmazlıqlar baş verə bilir. Belə olan halda, Belarus Azərbaycan üçün ciddi bir alternativdir. Bu, Belarusdan alınan raket sistemlərində də özünü göstərdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR