Məşhur TEMU şirkəti məhkəməyə verilib

Çinin ultra sürətli moda nəhəngləri arasında müəllif hüquqları qalmaqalı böyüyür. Shein rəqibi Temunu məhkəməyə verərək minlərlə məhsul fotosunun qanunsuz şəkildə istifadə olunduğunu iddia edib.
Şirkətin Ali Məhkəməyə təqdim etdiyi iddiaya əsasən, Temu platformasında Shein-ə məxsus şəkillər onların saytında yayımlandıqdan qısa müddət sonra peyda olub. Shein tərəfi bunu “sənaye miqyasında həyata keçirilən açıq müəllif hüquqları pozuntusu” adlandırıb.
Şirkətin hüquqşünasları bildiriblər ki, Temu mübahisəli fotoların təxminən 90 faizinin həqiqətən Shein-ə məxsus olduğunu artıq etiraf edib. Söhbət “yarasa qollu” köynəklər, geniş şalvarlar və büzməli geyim modellərinin şəkillərindən gedir.
Temu ilə əlaqəli olan Whaleco UK Limited isə ittihamları rədd edib. Şirkət Shein-in məhkəmə iddiasını “qanuni rəqabəti boğmaq cəhdi” adlandırıb və qarşı tərəfə qarşı kompensasiya tələbi ilə əks iddia qaldırıb.
Temu tərəfi bildirib ki, platformada yerləşdirilən məhsul və şəkillərə görə məsuliyyət üçüncü tərəf satıcılara aiddir və şirkətin mümkün pozuntular üzərində tam nəzarəti yoxdur.
Shein-in vəkili Benet Brandert KC məhkəmədə deyib ki, Temu “ədalətsiz üstünlük qazanmağa” və bazarı mövcud oyunçudan almağa çalışıb. Onun sözlərinə görə, bəzi şəkillər mənbəni gizlətmək üçün cüzi şəkildə dəyişdirilib.
Temu-nun vəkili Şarlotta Mey KC isə bildirib ki, Shein uzun müddətdir rəqibinə qarşı “aqressiv kampaniya” aparır və məqsəd müəllif hüquqlarını qorumaq deyil, bazarda rəqabəti məhdudlaşdırmaqdır.
Məhkəmədə həmçinin məlum olub ki, Shein şikayət və kontentin silinməsi mexanizmlərindən fəal istifadə edib. Temu tərəfinin iddiasına görə, bunun nəticəsində platformadan minlərlə məhsul elanı silinib.
Ekspertlər isə vəziyyətin ironik tərəfinə diqqət çəkirlər. Belə ki, Shein özü də uzun illərdir müstəqil dizaynerlər tərəfindən dizayn və şəkillərin kopyalanmasında ittiham olunur. Sosial şəbəkələrdə və mediada kiçik brendlər dəfələrlə Shein və Temu-nun onların məhsullarını daha ucuz qiymətlərlə satışa çıxardığını bildiriblər.
İki həftə davam edəcəyi gözlənilən məhkəmə prosesinin yekun qərarı daha sonra açıqlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.