Keçmiş müəllim birja vasitəsilə milyarder oldu

Çində müəllimlik peşəsini tərk edərək biznesə başlayan Maykl May təsis etdiyi şirkətin IPO-su nəticəsində milyarderlər sırasına qoşulub.
“Crown New Materials Technology” şirkətinin səhmləri Şençjen Fond Birjasında ticarətə başladığı ilk gün 787 faizədək bahalaşıb.
İlkin olaraq 16,98 yuan qiymətindən satışa çıxarılan səhmlərin dəyəri gün ərzində 150,58 yuana yüksəlib. Lakin növbəti ticarət günündə qiymət 77 yuanadək geriləyib. Şirkət rəhbərliyi kəskin dəyişkənliklə əlaqədar investorları ehtiyatlı davranmağa çağırıb.
“Forbes” jurnalının hesablamalarına görə, 62 yaşlı Maykl Mayın səhmlərinin bazar dəyəri ilk gündə 2,5 milyard dollara çatıb. Şirkətin sədr müavini olan 64 yaşlı bacısı May Huixianın sərvəti isə 2 milyard dollar qiymətləndirilib. Avstraliya vətəndaşı olan bacı-qardaş Honkonqda yaşayır. Onların sərvəti əsasən şirkət səhmlərinin bazar dəyərinə əsaslanır.
Maykl May 1984-cü ildə müəllimlikdən ayrıldıqdan sonra 15 il müxtəlif fabrik və müəssisələrdə çalışıb. O, 2000-ci ildə bacısı ilə birlikdə “Crown New Materials Technology” şirkətini yaradıb.
Mərkəzi Çinin Çunşan şəhərində yerləşən şirkət elektronika, avtomobil və yarımkeçirici sənayesi üçün yapışdırıcı və qoruyucu materiallar istehsal edir. Çində dörd, Vyetnamda isə bir istehsal müəssisəsi olan şirkət “Tesla” və “Apple” kimi nəhənglərin təchizat zəncirində təmsil olunur.
Şirkət IPO-dan əldə etdiyi vəsaiti istehsal imkanlarının genişləndirilməsinə və yeni tədqiqat mərkəzinin yaradılmasına yönəltməyi planlaşdırır.
Şirkətin səhmlərinin kəskin bahalaşması Çin fond bazarlarında ümumi enişin müşahidə olunduğu dövrə təsadüf edib. Zəif istehlak və süni intellekt sektorundakı risklər fonunda əsas Çin indekslərinin bəziləri iyun ayındakı maksimum göstəricilərindən 20 faizdən çox geriləyib. Pekin hökuməti isə bazarı dəstəkləmək üçün birja ticarət fondlarına 19 milyard dollar vəsait ayırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.