Tramp Şükranlıq Günü ərəfəsində “Azadlıq” və “Lələ” adlı hinduşkaları əfv edib

ABŞ Prezidenti Donald Tramp Şükranlıq Günü (Thanksgiving) ərəfəsində “Azadlıq” (Freedom) və “Lələ” (Feathers) adlı iki hinduşkanı əfv edib. Bununla da o, Ağ Evdə uzun illərdir davam edən bayram ənənəsini yaşadıb. Bu barədə CBS News məlumat yayıb.
“Onlara tam, mütləq və qeyd-şərtsiz əfv verirəm. Bu o deməkdir ki, onlar əbədi yaşayacaqlar”, – deyə Tramp mərasimdə bildirib.
Prezident quşlardan birinə müraciət edərək, “Azadlıq, bu andan etibarən sən tamamilə və birdəfəlik əfv olunursan”, – deyib. Onun sözlərinə görə, “Lələ” mərasim zamanı kolluqlara qaçsa da, bu, onun əfv edilməsinə mane olmayacaq.
Bu il Şükranlıq Günü münasibətilə keçirilən hinduşkaların təqdimat mərasimi sayca 79-cu olub. Ənənənin əsası 1947-ci ildə qoyulub. Həmin vaxt Milli Hinduşka İstehsalçıları Federasiyası ilk dəfə ABŞ Prezidenti Harri Trumenə hinduşkalar hədiyyə edib. Lakin quşların rəsmi şəkildə əfv edilməsi ənənəsi yalnız 1989-cu ildə, Corc Buşun prezidentliyi dövründə başlayıb.
“Azadlıq” və “Lələ” Qərbi Virciniya ştatının Fort-Saybert şəhərində yerləşən ailə fermasında Skott və Bekki Raytsell tərəfindən yetişdirilib. Hinduşkalar iyul ayında fermaya gətirilib. Bundan sonra fermerlər hər gün onları insanlara, yüksək səslərə, kameralara və fotoaparatların işıqlandırma effektlərinə alışdırıblar.
Mərasimdən sonra hinduşkalar Texas A&M Universitetinin Kollec-Steyşn şəhərindəki kampusuna aparılacaq. Onlar üçün iqlimə nəzarət sistemi, eyvanı və açıq havaya çıxışı olan xüsusi yaşayış yeri hazırlanıb. Quşlara altı tələbə qulluq edəcək.
Hinduşkaların ictimaiyyət qarşısında yenidən görünməsi də mümkündür. Onların cümə günü Texas A&M Universiteti ilə Texas Universitetinin futbol komandaları arasında keçiriləcək oyunda nümayiş etdirilməsi planlaşdırılır.
Bu arada, Milli Hinduşka İstehsalçıları Federasiyasının hesablamalarına görə, Şükranlıq Günü münasibətilə ABŞ-da təxminən 30 milyon hinduşka bayram süfrələrinə qoyulacaq.
Budəfəki əfv mərasimi Ağ Evin yeni helikopter meydançasında keçirilib. Tramp bildirib ki, gələn il tədbir yeni tikiləcək bal zalında təşkil olunacaq. Prezident həmin binanı “bu ölkədə indiyədək tikilmiş ən möhkəm bina” adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.