Kəlbəcər Zəfər tariximizin ayrılmaz hissəsidir

Nizami Səfərov
Milli Məclisinin deputatı
25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Kəlbəcərin Azərbaycanın tarixi torpağı və ayrılmaz tərkib hissəsi olduğunu, 2020-ci ildə işğaldan azad edilməklə dövlətimizin suverenliyinin bərpa olunduğunu xüsusi qeyd etmək lazımdır. Bu tarix Kəlbəcərin işğalına son qoyulmasının və rayonun Azərbaycana qaytarılmasının rəmzidir.
Kəlbəcər Azərbaycanın ən zəngin təbii sərvətlərə malik bölgələrindən biridir. Möhtəşəm dağları, sıx meşələri, mineral su bulaqları, faydalı qazıntı yataqları və füsunkar təbiəti ilə seçilən bu diyar ölkəmizin təbii sərvət xəzinəsində mühüm yer tutur. Kəlbəcər həm də qədim tarixi, özünəməxsus mədəniyyəti, musiqi ənənələri və saz-söz sənəti ilə Azərbaycan xalqının milli-mənəvi irsinin ayrılmaz hissəsidir.
Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi bu qədim diyarın tarixində ağır bir faciəyə çevrildi. İşğal nəticəsində on minlərlə sakin doğma yurdunu tərk etmək məcburiyyətində qaldı, dinc insanlar qətlə yetirildi, tarixi-mədəni abidələr, yaşayış evləri və sosial infrastruktur dağıdıldı. Kəlbəcərin işğalı Azərbaycanın ərazi bütövlüyünə vurulan ağır zərbələrdən biri olmaqla yanaşı, xalqımızın yaddaşında dərin iz buraxdı.
Ulu Öndər Heydər Əliyev Kəlbəcərin işğalını Azərbaycanın üzləşdiyi böyük faciələrdən biri kimi qiymətləndirir, bu torpaqların azad olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına inamını ifadə edirdi. Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanın ərazi bütövlüyünün qorunması və işğal probleminin beynəlxalq müstəvidə gündəmdə saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Onun müəyyən etdiyi siyasi xətt və dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycanın milli maraqlarının təmin olunması üçün mühüm zəmin yaratdı.
2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Bu tarixi Qələbə xalqımızın birliyinin, dövlətimizin siyasi iradəsinin və Silahlı Qüvvələrimizin gücünün nəticəsi idi. Vətən müharibəsində canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və döyüşlərdə iştirak edən hər bir hərbçimizin fədakarlığı heç vaxt unudulmayacaq. Onların qəhrəmanlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixinin ən şərəfli səhifələrindəndir.
Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra imzalanan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 1993-cü ildən davam edən işğala son qoyuldu və Kəlbəcər yenidən öz dövlətimizin suverenliyi altına keçdi. Bu tarixi hadisə Prezident İlham Əliyevin siyasi iradəsinin, Ali Baş Komandan kimi qətiyyətinin və Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücün nəticəsi idi.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış məntəqələri yenidən qurulur. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması doğma yurda dönüşün daha bir mühüm mərhələsidir. Bu proses Kəlbəcərin əvvəlki həyatına qovuşması və bölgənin sosial-iqtisadi potensialının yenidən reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və xalqımızı təbrik edir, bu torpaqların azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Azərbaycan Ordusunun bütün hərbi qulluqçularına minnətdarlığımı bildirirəm. Kəlbəcər Azərbaycanın ayrılmaz hissəsidir və onun yenidən dirçəlməsi xalqımızın tarixi yaddaşının, milli iradəsinin və Vətənə bağlılığının təntənəsidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.