Adnan Oktar və onun başçılıq etdiyi cinayətkar qruplaşma ilə bağlı yeni detallar üzə çıxmaqda davam edir.
Musavat.com-un Tükiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 11 iyul 2018-ci ildə həyata keçirilən əməliyyatdan bir neçə dəqiqə əvvəl Qəndilli ərazisində yerləşən villasından qaçan Adnan Oktarın görüntüləri ortaya çıxıb. Görüntülərdə Oktar və qruplaşmanın tanınmış ismi Didəm Ürərin təşkilata aid olan villanın gizli keçidindən sürətlə qaçdıqları və qapıda gözləyən lüks avtomobilə minərək, oradan uzaqlaşdıqları nəzərə çarpır.
Araşdırmalar nəticəsində eyni keçiddən təşkilat mənsubu başqa qadın və kişilərin də keçdiyi ortaya çıxıb.
Fotolarda diqqət çəkən başqa bir məqam isə onların əlində olan çantalardır.
Qaçış anı dəqiqə-dəqiqə kameralarda
Adnan Oktar və Didəm Ürərin cinayətkar qruplaşmaya aid olduğu deyilən Qəndillidəki villadan qaçış anına aid görüntülərdə villanın aşağı yoluna doğru enən bir gizli keçidin olduğu görülür. Adnan Oktar və Didəm Ürər bu gizli qaçış yolu ilə əməliyyatdan dəqiqələr öncə ana yola çıxırlar.
Adnan Oktar gərgin və əsəbidir…
Polisdən qaçan Oktarın 05:22 radələrində gizli keçiddən çıxıb, onu gözləyən lüks avtomobilinə mindiyi və ərazidən ayrıldığı da fotoda görünür. Onun qaçış zamanı gərgin, əsəbi olduğu da əldə edilən fotolardan asanlıqla hiss olunur.
Əllərindəki çantalar diqqət çəkdi
Oktarın televiziya kanalı olan “A9”-da qatıldıqları proqramlarda üzlərindəki makiyaj və geyimlərindən əsər-əlamət qalmayan dəstə mənsubu qadınların, gizli yoldan qaçdıqları əsnada əyinlərində idman geyimi olduğu görünür. Qaçış üçün sürətlə hazırlandıqları anlaşılan cinayətkar dəstə üzvləri, əllərindəki çamadanlarla kameralara düşüblər.
Qapıda 24 saat ərzində avtomobil gözləyir…
Məlum olduğu kimi, aparılan araşdırmalardan sonra bu gizli yolun bir neçə detalı ortaya çıxmışdı. İddialara görə, Oktar Qəndillidə yerləşən villalarının qarşısına avtomobil, sahildə isə, qayıq yerləşdirmişdi. Onlar polis basqınlarına qarşı 24 saat ərzində Adnan Oktarı gözləyirdilər. Oktar heç kimin hələlik minmədiyi və bilmədiyini düşündüyü avtomobili ilə Sarıyerə gedən zaman İstanbulun Maslak ərazisində saxlanılır.
Qaçış anı üçün içi pulla dolu iki çanta hazırlayan Adnan Oktarın yaxalandığı zaman üzərində 40 min ABŞ dolları tapılıb. Çantalarda isə müxtəlif ölkələrə aid valyutaların olduğu məlum olub.
Qeyd edək ki, Adnan Oktar və onun cinayətkar təşkilatına qarşı 11 iyul 2018-ci ildə, saat 06:00 radələrinə İstanbul Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən əməliyyat həyata keçirilmişdi. Aparılan əməlliyatı Qəndillidəki villasında quraşdırdığı gizli kameralar vasitəsilə dəqiqələr öncə öyrənən Oktar oradan qaçmağa müvəffəq olmuşdu.
Xatırladaq ki, bu cinayətkar dəstəyə qarşı aparılan əməliyyatlar nəticəsində aralarında Adnan Oktarın da olduğu 187 şübhəli şəxs saxlanılıb. Onlardan 167-si məhkəmənin qərarı ilə həbs edilib. Dəstə üzvləri olan 226 şübhəli şəxs haqqında hazırlanan, təqribən 4000 səhifəlik iddianamə İstanbul Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib.
Toğrul İsmayıl,
Musavat.com