“Kaş heç prezident olmayaydım...” - siyasətdə Tramp sindromu
Milyardları olmaq hələ güclü prezident olmaq demək deyil; bir nömrəli yerə iddialılar hansı keyfiyyətləri daşımalıdırlar?
Dünya prezidentlərinin şəxsi keyfiyyətləri, seçdikləri peşələr, keçdikləri həyat yolu daim insanların diqqətində olur. İstər mənfi, istərsə də, müsbət keyfiyyətləri ilə tarixə keçən prezidentlər elə hər iki tərəfdən müzakirə obyektinə çevrilirlər. Amerikada heç kəsin gözləmədiyi halda biznesmen Donald Trampın qələbəsindən sonra bu məsələ daha da aktuallaşıb.
Bəlkə də gözlənildiyindən fərqli prezident olsaydı, bu qədər müzakirə obyekti olmazdı. Amma o biznesmen düşüncəsi ilə prezidentlik kürsüsündə oturdu və bu düşüncə ilə də ölkəni idarə etməyə başladı. Sonunda isə...
O, biznesmen kimi indikindən daha nüfuzlu şəxs idi. Getdikcə də Ağ Evin sahibi nüfuzunu sıfıra endirir. Bütün bunlar hər kəs də onunla bağlı daha çox bu fikri formalaşdırır. Külli miqdarda sərvətə sahib olan bu şəxsin prezidentlik nəyinə gərək idi?
Trampın fonunda prezidentliyə iddialı şəxsin hansı keyfiyyətlərinin olması, daha çox hansı peşənin daşıyıcılarının prezident olmasının önəmi müzakirə edilir.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli prezidentlərin hansı xüsusiyyətlərə malik olmalarının vacibliyi barədə bunları düşünür: “Tramp səriştəsiz adam kimi özünü büruzə verdi. Onun səviyyəsi, intellekti makler səviyyəsindən o qədər də yüksək deyil. Təsəvvür edin ki, hələ prezidentlik komandasını formalaşdıra bilməyib. Bütün bunlar da onun prezidentlik keyfiyyətlərinə malik olmadığını göstərir. Nəticədə də vitse-prezident Maykl Pensin prezident ola biləcəyi barədə fikirlər yaranıb. Tramp alverçidir. Mülk, torpaq və başqa sahələrin alqı-satqısı ilə məşğul olan biznesmendir. Hansı peşə sahiblərinin prezident olmaları barədə konkret fikir söyləmək çox çətindir. Keçmişdə kralların yanında politoloq, tarixçilər və bu tipli peşə sahibləri ən nüfuzlu, hörmətli şəxslər hesab olunurdular. İndiki vaxtda praktiki səviyyəsi yüksək olan, siyasi duyum qabiliyyəti yüksək olan, geniş dünyagörüşə malik şəxslər ölkə rəhbərliyinə iddialı ola bilərlər. Belə şəxslərin öz sahələrindəki intellektual səviyyələri, siyasi proseslərdən çıxardıqları analiz qabiliyyətləri, siyasi proseslərdən çıxardıqları əsasında təqdim etdikləri tövsiyələrə malik olmaları çox vacibdir. Adətən bu cür şəxslər hərtərəfli olur, mükəmməl təhsil alır, əxlaq və tərbiyələri də yerində olur. Əgər onlar prezidentliyə iddialıdırlarsa, vətənpərvər keyfiyyətə mütləq malik olmalıdırlar. O ölkəyə ki, rəhbərlik edəcəklər, həmin ölkəni dərin məhəbbətlə sevməyi bacarmalı, onları kürsüdə əyləşdirən xalqa dərin məhəbbətlə rəhbərlik etməlidirlər. Xalqın mənafeyi şəxsi maraqlardan üstün olmalıdır. Bir sözlə, deyirlər ki, siyasət hiyləgərlikdir. Amma düşünürəm ki, siyasətdə ən gözəl olanı düzlük və təmizlikdir. Bu və ya digər qeyd etdiyim keyfiyyətlərə maliksənsə, prezident olmaq üçün yetərlidir.
Məsələn, Ronald Reyqan aktyor olub. Amma buna baxmayaraq, o, Amerikanın müasir tarixində dərin izlər buraxmış bir şəxsdir. Bəlkə də onun siyasi intellektuallığı yetərincə deyildi. Lakin onun peşəkar olması, Amerikanı dərindən sevməsi hər şeyi üstələyir, nöqsanlarını görməyə imkan vermirdi. Trampın hakimiyyətdə olduğu müddətdə hələ yadda qalan bir hərəkəti, tarixi sözləri yoxdur. Amma Reyqan hakimiyyətə gələndə “SSRİ şər yuvasıdır” sözünü dedi və az keçməmiş o imperiya dağıldı. Yəni demək istəyirəm ki, prezidentin əsas keyfiyyətlərindən biri də qətiyyətli olmaqdır. Siyasətçinin sözlərində inandırıcılıq olmalıdır.
Siyasətçi insanlara quru vədlər verməməli, verdiyi vədlərin də arxasında dayanmağı bacarmalıdır. Prezident də təmsil etdiyi xalqı bir çağırışı ilə səfərbər etmək gücündə və təsirində olmalıdır. Fransanın yeni prezidenti Emmanuel Makron pianoçu olub, sonralar maliyyə naziri oldu. İndi də Fransa kimi bir nəhəng ölkənin rəhbəri seçilib. Yəni peşədən çox yuxarıda sadaladığım keyfiyyətlərə prezidentlik iddiasında olanlar adekvat cavab verməlidirlər".