Rəsul Quliyev qorxunc iddia ilə gündəmə gəldi...
Eks-spikerin fikirləri etiraz doğurdu; “Okeanın o tayından baxanda necə görünməsindən asılı olmayaraq...”
Eks-spiker Rəsul Quliyev bildirib ki, Azərbaycan Rusiya, İran və Türkiyə arasında 3 yerə bölünə bilər. Bəzi jurnalistlər və siyasi ekspertlər isə bildirirlər ki, bu təhlükəli fikrə etiraz etmək lazımdır. Çünki bu cür fikirlər xalqda pessimizm aşılayır.
Məsələn, jurnalist Taleh Şahsuvarlı bildirib ki, bu təhlükəli fikrə etiraz etmək lazımdır. Siyasətçinin işi xalqın müstəqilliyə və dövlətə inamının itməsi üçün çalışmaq deyil, hətta ən ağır anlarda belə xalqda müstəqilliyə və dövlətə inam aşılamaqdır: “Hakimiyyət uğrunda mübarizə başa düşüləndir. Amma bu mübarizəni belə primitiv üsullarla aparmazlar. Azərbaycan xalqı daim öz müstəqilliyi uğrunda mübarizə aparıb və dövlətləşmə istiqamətində çox uğurlu yol qət edib. Bizim ADR-miz, Elçibəyin öndərliyində demokratik milli azadlıq hərəkatımız, Heydər Əliyevin canı bahasına qoruduğu və təşkilatlandırdığı dövlətimiz, İlham Əliyev dövründə böyük iqtisadi, siyasi, mədəni uğurlarımız var. Heç bir qüvvə və faktor Azərbaycanın müstəqilliyindən bir hərf də qopara bilməz. Rəsul Quliyev, sadəcə, saçmalayıb, yaxud ABŞ-dakı dostlarının kluar xəyallarını bizə sırıyır. Çox təəssüf!”
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva isə hesab edir ki, ümumiyyətlə, bu cür fikri ifadə etmək nəinki bir siyasətçi, hətta sıradan, proseslərdən xəbərsiz və təcrübəsiz bir şəxs tərəfindən səslənirsə, qəbuledilməzdir: “Öncə onu qeyd edək ki, Azərbaycan bir dövlət kimi BMT tərəfindən tanınmış, müstəqil, beynəlxalq münasibətlərdə, qlobal siyasətdə güvənli, regiondakı tərəfdaş, beynəlxalq təşkilatların üzvü, Cənubi Qafqazın nüfuzlu iqtisadi, siyasi mərkəzi olan dövlətdir. Azərbaycan təhlükəsizliyini müdafiə edən müstəqil, müasir texniki təchizatlı ordusu olan, regionda qlobal güclərlə münasibətdə balanslı siyasət həyata keçirən bir dövlətdir. Okeanın o tərəfindən necə görsənməsindən asılı olmayaraq, ölkəmizin ayrı-ayrılıqda bu dövlətlərlə mövcud münasibətlərinə bir nəzər salaq: Rusiya ilə münasibətdə istər regionda, qlobal yanaşmada bu ölkənin maraqlarına zidd olan hər hansı bir addımın atılmasının şahidi deyilik, əla iqtisadi münasibətlər mövcuddur. Eyni yanaşmanı İranla münasibətdə də qismən söyləyə bilərik. Türkiyə ilə yanaşmada isə ümumiyyətlə, iki qardaş dövlət, tam uzlaşan regional və qlobal siyasət və s. kimi reallıq mövcuddur. İndi sual yaranır ki, o hansı proseslərdir ki, onun nəticəsi olaraq ”Azərbaycan Rusiya, İran və Türkiyə arasında 3 yerə bölünə bilər" kimi absurd fikir ortaya atılır? Bu cür fikirlərin neqativ təsiri olur".
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, hər kəsin istənilən yanaşmasına hörmətlə yanaşmaq lazımdır. Hər kəsin fikirlərini sərbəst şəkildə bildirməsinə də həmçinin: “Rəsul Quliyev nəyə əsaslanıb o cür fikir söyləyib deyə bilmərəm. Amma mən düşünmürəm ki, Azərbaycanın bu gündən sonra hansısa hissələrə bölünmə təhlükəsi var. Çünki 21-ci əsrdə hansısa dövlətin sərhədlərinin dəyişdirilməsi o qədər də sadə məsələ deyil. Dünyada artıq bəlli dəngələr formalaşıb və bu dəngələrin hər hansı birinin pozulması sadə məsələ deyil. Əgər bu gün ərazisində saysız dövlətlərin və silahlı terror qruplarının olduğu Suriya, İraq, Əfqanıstan kimi dövlətlərin sərhədləri dəyişməyibsə və bölünməyiblərsə, Azərbaycanda belə bir təhlükənin varlığı, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz.
Hansısa siyasətçinin səsləndirdiyi fikirlər ancaq onun şəxsi personasına və təmsil etdiyi siyasi quruluşa münasibət formalaşdıra bilər. Yəni Rəsul bəyin bu və ya digər fikirləri inanmıram ki, cəmiyyətdə kütləvi pessimizm yaratsın. Qeyd etdiyim kimi, hər bir fikir onun sahibi barədə müsbət və ya mənfi rəy yaradır. Əminəm ki, Rəsul Quliyev də bu fikirləri səsləndirən zaman bu faktoru unutmuş deyildi və bunun müsbət ya mənfi nəticələrini də qəbul etməyə hazırdır".
Bəzi ekspertlər isə hesab edir ki, çoxdandır mediada görünməyən, maraq doğurmayan eks-spiker belə bir absurd fikir ortaya atmaqla, sadəcə, gündəmə gəlmək istəyib... (musavat.com)