Astara rayon Təhsil Şöbəsinində nə baş verir? - Şikayət
“Astara rayon Təhsil Şöbəsi müdirinin qanunsuz əməlləri barədə dəfələrlə dövlət orqanlarına müraciət etmişəm. Müraciətlərimin hamısi baxılması üçün Təhsil Nazirliyinə göndərilib. Yazdığım məktubların korrupsiya araşdırma predmeti olmasına baxmayaraq, həmin məktubları araşdırılması üçün Baş Prokurorluğa göndərmirlər”
Bu fikirlər Astara şəhər sakini Həsənov Rəşad Əlövsət oğlunun “AzPolitika”ya göndərdiyi şikayət məktubunda yer alıb. 12 il səngərdə xidmət xidmət edən keçmiş hərbçi saytımız vasitəsilə səsini Prezidenti İlham Əliyevə çatdırmaq istəyir. Onun şikayəti isə Astara Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova ilə bağlıdır. Müraciətdə daha sonra bildirilir:
“Möhtərəm Prezident!
Astara Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovanın barəsində əvvəlllər göstərdiyim faktlara əlavə olaraq təkcə onu qeyd etmək bəs edir ki, Astara rayonunda kənd məktəblərini istiliklə təmin etmək üçün şagirdlər odunu evlərindən gətirirlər. 2016-cı ilin yeni Tədris ilində Qurban Bayramı ilə əlaqədar verilmiş istirahət günlərinə görə müəllimlərin maaşları tutulmuşdur.
2016-cı ilin oktyabr ayında fənn kabinetlərinə görə ödəniləcək pul məbləği ödənilməmişdir. Təhsilin bir növü olan fərdi təhsilə (saglamlığı məhdud olan uşaqlar üçün) görə oktyabr ayına görə müəllimlərə əməkhaqqı ayrılmamışdır. Sağlamlığı məhdud olan yuxarı sinif şagirdləri üçün dərslər planlaşdırarkən dərslər qeyri-ixtisas müəllimlərinə həvalə edilir. Əgər Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılacaqsa mən müvafiq sənədi təqdim etməyə hazıram.
İnformatika dərslərini əksər məktəblərdə qeyri-ixtisas müəllimlər tərəfindən keçirilir. Onlarında bəzilərinin kompyuterdən praktiki vərdişləri yoxdur. Ümumiyyətlə, kompyuter otaqlarında kompyuterlər müzey eksponatı kimi qorunub saxlanılır. Yəni şagirdlər uzaqdan uzağa kompyuterə baxmaqla kifayətlənirlər. Dövlət Başçısının hərtərəfli qayğısı ilə əhatə edilmiş və milyonlarla pul ayrılmış Astara təhsili niyə Qızbəs Məmmədovanın sayəsində orta əsrlər dövrünün qanunları ilə yaşamalıdır? Heç kim unutmamalıdır ki, korrupsiyaya qarşı mübarizə Prezidentimizin siyasətidir. Hətta sonum ölüm olsa belə mən bu siyasəti dəstəkləməyə hazıram”.
Keçmiş hərbçi daha sonra müraciətində Qızbəs Məmmədovanın qanunsuz əməlləri barədə bəzi ciddi ittihamlar irəli sürür. İddia edir ki, Qızbəs Məmmədova Astara şəhər məktəbinə hərbi müəllim kimi işə düzəlməyi üçün ondan “hörmət” tələb edib. “Mən isə həmin pulu verməkdən imtina edərək şikayət etdim. Qızbəs Məmmədova da güya ki, onun şərəf və ləyaqətini alçaltmışam deyib, məni məhkəməyə verdi. Mənə qarşı 5000 manat iddia irəli sürdü… Belə çıxır ki, Qızbəs Məmmədovanın tələbini itaətlə yerinə yetirməli idim”?
Sonda məktub müəllifi iddialarının araşdırılmasını xahiş edir: “Möhtərəm Prezident! Sizdən xahiş edirəm ki, səsimə səs verib Astara rayon Təhsilində baş verənlərin araşdırılmasına göstəriş verəsiniz”.
Müraciətdə qeyd olunanlarla bağlı Astara Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədovanın da mövqeyini işıqlandırmağa hazırıq.