Ülkər Piriyeva
Politoloq/Jurnalist
Bakı, 19 aprel — Azadmedia.az
“Yaşıl Strateji: Azərbaycanın Davamlı İnkişaf Yolunda Yaşıllaşdırma Siyasəti”
Ətraf mühitin qorunması və təbiətə qarşı məsuliyyətli münasibət bu gün hər bir dövlətin inkişaf strategiyasında prioritet məsələlərdən birinə çevrilib. İqlim dəyişikliyi, qlobal istiləşmə, torpaq eroziyası, su ehtiyatlarının azalması və hava çirklənməsi kimi problemlər artıq təkcə ekoloji deyil, siyasi və iqtisadi təhlükəsizlik məsələsinə çevrilmişdir. Məhz bu baxımdan Azərbaycan Respublikasında həyata keçirilən yaşıllaşdırma siyasəti yalnız ekoloji deyil, həm də milli strateji məsələ kimi qəbul edilir.
Prezident İlham Əliyevin liderliyində “yaşıl dönüş”
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son illərdə ekologiya və yaşıllaşdırma sahəsində ciddi islahatlara imza atmışdır. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də nümunə kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin imzaladığı qərar və sərəncamlar nəticəsində:
Təkrar meşəçiliyin genişləndirilməsi,
Yeni yaşıllıq zolaqlarının salınması,
Şəhərsalma layihələrində yaşıllıq faizinin artırılması,
Ekoloji təmiz enerjiyə keçid və “yaşıl enerji” zonalarının yaradılması kimi strateji istiqamətlər sistemli şəkildə həyata keçirilir.
Xüsusilə, Zəngilan rayonunun Ağalı kəndində və Cəbrayılda salınan “ağıllı kənd” və “yaşıl enerji” modelləri müasir Azərbaycan dövlətçiliyinin ekoloji məsuliyyətə əsaslanan inkişaf yanaşmasını təcəssüm etdirir.
Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu sahəyə verilən yüksək diqqətin göstəricisidir. Bu, sadəcə bir şüar deyil – Azərbaycanın gələcəyini ekoloji cəhətdən daha sabit və dayanıqlı formalaşdırmaq üçün milli iradənin təzahürüdür.
Leyla xanım Əliyeva – “Ekoloji missiyanın siması kimi”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüslərinin davamı kimi, Leyla Əliyevanın rəhbərlik etdiyi “IDEA” (Ətraf Mühitin Mühafizəsi Uğrunda Beynəlxalq Dialoq) İctimai Birliyi bu sahədə əvəzsiz xidmətlər göstərir. Leyla Əliyevanın bu sahədə fəaliyyəti Azərbaycan gəncliyinə ekoloji düşüncə tərzini aşılayır, eyni zamanda beynəlxalq səviyyədə Azərbaycanı yaşıllaşdırmaya sadiq ölkə kimi tanıdır.
IDEA-nın təşəbbüsü ilə:
Minlərlə ağac əkilmiş,
Nadir bitki və heyvan növləri qoruma altına alınmış,
Milli parklar bərpa olunmuş,
Şəhər gənclərinin iştirakı ilə geniş yaşıllaşdırma aksiyaları həyata keçirilmişdir.
Ən diqqətçəkən layihələrdən biri “Hərəyə bir ağac” kampaniyasıdır ki, bu da cəmiyyətin bütün təbəqələrini yaşıllaşdırma prosesinə cəlb etməyi hədəfləyir. Bu təşəbbüs təkcə ekoloji deyil, həm də sosial həmrəylik nümunəsidir.
Leyla Əliyevanın fəallığı sayəsində ekoloji maarifləndirmə işləri də gücləndirilib. Uşaqlar, məktəblilər və gənclər üçün təşkil olunan ekoloji düşərgələr və seminarlar onların gələcəkdə ekoloji məsuliyyətli fərdlər kimi formalaşmasına zəmin yaradır.
“Azərbaycan modeli – milli iradə ilə yaşıl gələcəyə”
Azərbaycanın yaşıllaşdırma siyasəti yalnız dövlət və qeyri-hökumət sektorları ilə məhdudlaşmır. Bu prosesə cəmiyyətin bütün təbəqələri, könüllülər, məktəblilər, sahibkarlar və kənd təsərrüfatı ilə məşğul olan fermerlər də fəal şəkildə qoşulurlar. Beləliklə, yaşıllaşdırma təkcə ekoloji məsələ yox, milli hərəkat xarakteri alır.
Zəngəzur dəhlizində planlaşdırılan geniş yaşıllıq zonaları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləcək ekoloji layihələr, Xəzər dənizinin sahil zolağında aparılan bərpa işləri – bütün bunlar Azərbaycanın “yaşıl siyasət” baxımından gələcəyə hesablanmış möhkəm təməllərini ortaya qoyur.
Nəticə etibarilə, Yaşıl siyasət, sağlam gələcəklə yola çıxdığımızda;
Prezident İlham Əliyevin uzaqgörən liderliyi, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Leyla xanəm Əliyevanın səmərəli təşəbbüsləri ilə Azərbaycan ekoloji məsuliyyətli dövlət modelini inşa edir. Bu, sadəcə təbiətə deyil, insanın sağlamlığına, iqtisadi inkişafına, ictimai rifahına və gələcək nəsillərin həyat keyfiyyətinə yönəlmiş bir missiyadır.
Yaşıllaşdırma – artıq Azərbaycanın dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilib.
Unutmayaq ki, Ağac əkmək – gələcək nəsillərə nəfəs verməkdir və Yaşıllaşdırmaq – vətəni sevməyin ən saf və sakit ifadəsidir.