Zakir Fərəcov - Əli Həsənov savaşında yeni raund: portfelsiz məmurun bazarı, sexləri alınır...
Sumqayıt şəhər hakimiyyətinin lideri Zakir Fərəcovla Baş nazirin müavini Əli Həsənov arasında qarşıdurmanın növbəti raundu başlayıb
Cahan.info xəbər verir ki, icra başçısı sabiq komitə sədrinin mal bazarına əl qoyub.
Məlumatı yayan Sumqayıt sakin Şakir Məmmədovun sözlərinə görə, Ə.Həsənova məxsus mal bazarının fəaliyyəti bir həftədir dayandırılıb. Eyni zamanda Ə.Həsənovun biznesinə daxil olduğu deyilən onlarla avtomobil təmiri sexlərinin bağlanması nəzərdə tutulub.
Z.Fərəcov- Ə.Həsənov qarşıdurması sonuncunun nəvəsinin törətdiyi qəza, “Qaçqınkom” sədrliyindən işdən azad olunması ilə başlayıb. Sonra Həsənovun Sumqayıtda yaşıllaşdırma idarəsi müdiri işləyən qardaşına qarşı kampaniya başlanıb.
Bəzi məlumatlara görə, Ə.Həsənovun Sumqayıtdakı təsirlərinin tamamilə azaldılması və küncə sıxışdırılması planlaşdırılır. Baş nazirin müavini portfelsiz məmura çevrilir.
Aprel seçkisindən əvvəl mediada Z.Fərəcov Ə.Həsənova qarşı həmlələr edirdi. Sabiq komitə sədrinin ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair mətbuata göndərilən şikayətlərin arxasında icra başçısının dayandığı iddia olunurdu.
“9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”.
Bunları Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən demişdi. Bu prosesin icra başçısı Zakir Fərəcovun birbaşa göstərişi ilə edildiyi şübhəsizdir.
Əli Həsənov və onun Sumqayıtdakı adamları adıçəkilən heyvan kəsimi məntəqəsinin sökülməməsi üçün icra başçısını heç bir vasitə ilə fikrindən daşındıra bilməyiblər.
Həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.
Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib.
Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.
Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir.
Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir.
Eləcə də, şəhərdə böyük biznes obyektlərinə malik Əli Həsənovun yaxınlarına toxuna bilmir. Bu da onlar arasındakı nüfuz savaşını dərinləşdirir.
Məlumat üçün bildirək ki, Zakir Fərəcovun özünün, yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi növbəylə icra başçısı işlədiyi Abşeron və Sumqayıtdadır.
Zakir Fərəcov Abşeronda biznes rəqiblərini tam zərərsizləşdirə bilib, Sumqayıtda da bu yöndə son illər “böyük uğurlar”a imza atıb.
Belə ki, indi “gənclik şəhəri”ndə bizneslə məşğul olanlar Zakir Fərəcovun “bayrağının altından keçməyə” məcbur edilib.
Bu baxımdan Əli Həsənov istisnadır, Zakir Fərəcov isə bu qəbildən olan istisnaları heç sevmir. Görünür, bu üzdən də icra başçısı Sumqayıtda “yerini dar edən” Əli Həsənova qarşı informasiya müharibəsi elan edib.