Yazıçı Eluca Atalının TURANA baxışı - Özəl
Bakı, 16 may — Azadmedia.az
İsveçdəki Azərbaycanlı Yazıçı Eluca Atalının TURANA baxışı..
Sual: Özünüz haqda qısa məlumat verərdiniz.
Cavab: Quzey Azərbaycanın Neftçala bölgəsinin Xolqaraqaşlı kəndində doğulmuşam, Asif Atanın Mütləqə İnam Ocağının Evladıyam. Eluca adını mənə Asif Ata verib, eli ucaldan mənasını daşıyır, Atalı soyadını isə Ata yolunun davamçısı olaraq daşıyıram. Azərbaycan Yazıçılar Birliyinin və İraq-Türkmən Yazarlar birliyinin Fəxri üzvü, PEN Beynəlxalq Yazarlar Birliyinin həqiqi üzvüyəm. Hekayə, fəlsəfi-bədii miniatür, novella, dram, roman, esse və s. ədəbi janrlarda bədii və publisistik əsərlər yazıram. Bu günə qədər 49 kitabım müxtəlif dillərə çevrilib və bir çox ölkələrdə yayımlanıb.
Sual: Nə üçün İsveçdə yaşayırsınız?
Cavab: İsveçə evlilik yolu ilə gəldim. Yəni özüm gəlmədim, aşk məni gətirdi!
Sual: Sizcə, türk nə demək?
Cavab: Birsifətli, qorxmaz, cəsur deməkdir TÜRK! Özündən keçməyi bacaran, fədakar, insansevər, qonaqpərvər. Asif Ata deyir: "Türk ata minər Koroğlulaşar, atdan düşər Füzuliləşər." Düşünməyin ki, Asif Ata türk olduğu üçün bir növ özündən olana bu qədər yüksək dəyər verir, özündən olanı vəsf edir. Cəvahirlər Nehru deyir: "Türk ölümlə öcəşər, öldürməyi sevməz, məcbur olub öldürdüyünün qarşısında diz çöküb uşaq kimi ağlar." Türk — zərifliyi və kəskinliyi bir əldə tutmağı bacarandır. Ümumiləşdirsək, yəni, möhtəşəmdir.
Sual: "Ənqa quşu" əsərinizin ilham qaynağı nədir?
Cavab: İnsandır! Hər şeyə qadir olmağa gücü çatan və istədiyinə yetən İNSAN. Yetər ki, insan özünə inansın, onda daxili gücünü aşkarlayıb özünə çata bilər. Bu əsər Asif Atanın Kamil İnsan ideyasının bədii təsviridir, həm də Atanın Mütləqə İnam fəlsəfəsi əsasında yazılıb. "Ənqa quşu" təbiətin fəlsəfəsindən bəhs edir, yəni, insan təbiətin bir hissəsidir, amma dərk edən hissəsidir fikrini burda aşkarlamağa çalışmışam. Nədən insan öz mənasına çata bilər? Çünki onda Ruh var — İnam, İdrak, Mənəviyyat və İradə. Təbiətdə isə bu ruh olmadığı üçün öz üzərində iş görə bilmir.
Sual: Türkiyə haqqında düşüncələriniz?
Cavab: Türkiyə haqda düşüncəmi Asif Atanın bir fikri ilə çatdıracam: "Azərbaycan — Türk Dünyasının beyni və ürəyi. Türkiyə — Türk Dünyasının qolu və kürəyi!" Bir bədən olmaq üçün təbii ki, bədənin bütün üzvüləri bir yerdə olmalıdır.
Sual: Nədən türk birliyi sizcə, yoxdur?
Cavab: Bu məsələdə mən bir o qədər də məyus deyiləm. Bu günkü durumumuz heç də hər şey demək deyil. Çətin məqamda birləşməyi bacarırıq, məndən ötrü bu əlamətdar bir haldır. Çanaqqala savaşındakı əsgər tərkibinə baxın, hardan yardıma gəlmədilər? Quzey Azərbaycandan, Təbrizdən, Kərkükdən, Türküstandan, Əfqanistandan. Lakin bu birliyi rus barmağı 70 il parçaladı. Türkləri müxtəlif adlarla adlandırıb bir-birindən ayrı saldı, sərt qanunlar qoydu, türkçü olan aydınları represiya qurbanları etdi və bu gün də gene fondumuza dəyən ziyanın acı nəticəsini görürük. Eyni zamanda son 44 günlük qələbəmiz olan Qarabağ savaşında Doğma Türkiyəmiz yanımızda oldu. Qarabağ bizim üçün yalnız, torpaq, yurd yeri deyildi, ilk növbədə ləyaqət məsələsi idi. Qarabağ türkün namus və ləyaqət məsələsi idi, bunu yalnız Azərbaycan dərdi bilən türk, dünyada hansı prosesin getdiyini bilmir. Biz Qarabağda yalnız erməni ilə savaşmadıq, dünya ilə savaşdıq. Bütün dünya bizə qarşı idi. Türkiyə ilə birliyimiz bizə ZƏFƏRİ yaşatdı.
Türk Birliyini — indi ona ən çox TURAN Birliyi deyirlər, yaxşı səslənir, niyə də TURAN olmasın. Asif Ata TÜRK BİRLİYİNİ belə görür — hərbi, siyasi, iqtisadi, mədəni, dil birliyi. Diqqət etsəniz, Ata dil birliyini xüsusi deyib, mədəni birliyin içinə salmır. 2017-ci ildə Qırğızıstanın Manas Universitetində oldum, Bişkeşin mərkəzində gördüyüm mənzərə halımı pozdu. Döndükdən sonra Qırğızıstanın müasir halını "Qolundakı zənciri öpən qulun qiyməti nə qədərdir?" qeydlərimin yer aldığı məqalədə ifadə etdim. Marksizm-leninizm ideyası və hər üçünün heykəli Bişkeşin mərkəzində durur.
Rus komunizm adı ilə, Çin ucuz malla, İran din adı altında Türküstana təsir edib. Türk dünyasında yad ideologiyalar çoxdur. Bilgə Xaqan nə deyirdi: "Türk, ayağa qalx, özün ol! Sən özün olanda böyük olursan!" Türk iş adamlarının, yazarların, mədəniyyət sahəsinin fədailərinin Türküstanla işbirliyinə ciddi şəkildə sirayət etməsi lazımdır. İlk növbədə aydınlar bu sahədə iş görməlidirlər. Çünki onlar millətlər arasında RUHANi körpüdürlər. Unutmayaq, ruhla bağlı olan nə varsa əbədidir, qırılmazdır, çünki o inamlı idrakdan doğur, daxilində cəfəngiyyat olmur.
Sual: Əsərləriniz hansı mövzularda olmuşdur?
Cavab: Əsərlərimin mövzusu rəngarəngdir, bir və ya iki deyil, çoxsaylıdır. Nədən? sorsanız, o zaman cavab verəcəm: İnsan və onu əhatə edən bütün dairə mənim yazı mövzuma daxildir. Çünki məndə əsas mövzu İNSANDIR! Bu fövqəlbəşər insan deyil və kimsə tərəfindən idarə edilmir. Mütləqə İnam fəlsəfəsi əsasında yazdığım üçün mənim təsvir etdiyim insan özünə hakimdir, özünü özü doğur. Kimsə onun üzərində hakimlik, sahiblik etmir. "Özünə hakim ol ki, kimsə sənə sahib olmasın. Özgənin sənə hakimliyi sənin özünə sahibsizliyindən başlayır!" "Kendini getir" kitabımı bu fikirlə başladım və məncə, bu hər şeyi bəlli edir. 2014 və 2020-ci ilə qədər məni ən çox tarixi yazar kimi tanındəm, mətbuatda da adımı belə hallandırdılar. Bu da əsassız deyildi, çünki bu illər ərzində "Kərküklülər — yalnız buraxılmış türklər", "Azadlıq hekayələri", "Tiqranimz Xocalıda", "Nalşəkilli mühasirə", "İran Hizbullah zindanında" kitablarını yazadım. Son beş ildə isə əsasən təbiətin fəlsəfəsi üzərində əsərlər — nəsr və dramlar yazıram. "Ənqa quşu — yenidən doğuş", "Uzaq səfərin qəribə sonluğu", "Odunçunun nağılı", "Ağ Göyərçin", "Əgər quşlar olmasaydı?", "Dəvəquşu fermasında", "Əbədiyyət aşiqləri" və s. yazdım. Bu səbəbdən də son dövr adımı animalist yazar kimi hallandırır və bioloq alim Yusif Dirili "Eluca Atalının təbiət görüşləri" elmi monoqrafiya yazaraq əsərlərimi təhlil edib. Qeyd etdiyim ki, fövqəl insandan yazmaq kimi arzum heç zaman olmayıb. Adi gözün gördüyü insanın içindəki sonsuz imkanı görür və onu aşkarlaya bilməyib özləri ilə qəbrə apardıqlarına heyfislənirəm.
Sual: Türkiyədə yaşamaq istərmisiniz?
Cavab: Əlbəttə, istərdim. Türkiyə bütün türklərə Vətəndir, Elucaya da həmçinin.
Sual: Sizcə, İrandakı türklər yalnız buraxıldımı?
Cavab: 1989-cu il 31 dekabrda Quzeylə Güney Azərbaycan arasındakı sərhəd dirəkləri yıxılana qədər İrandakı türklər təklənmişdilər, keçmiş sovet rejimi dövründə onlardan xəbərsiz idik. Yerigəlmişkən, sizə bir hadisə danışım. Böyük bacımın həyat yoldakı Güney Azərbaycana getmişdi 1990-ci ildə sərhədlər yeni açılanda və ordan döndükdə maşınında iki güneyli dönmüşdü. Mən və kiçik bacım eyvanımızdən pəncərə pərdəsini azca aralayıb onlara oğrun baxdıqda ilk rəyimiz bu oldu: "Onlarda bizə oxşayırlar." Təsəvvür edirsinizmi, bir-birimizin rəngindən, səsindən belə xəbərsiz idik. Amma indi vəziyyət dəyişib, hər gün Güneydən xəbər tutur və ordakı hadisələri mətbuatda işıqlandırırıq. Güney digər türk toplumlarından çox fərqlənir, ilk növbədə inqilabı ruhu ilə. Saylarının və qurub yaratmaq eşqlərinin böyüklüyünə görə əsarətə boyun əyməyən bir qüvvədir Güney Azərbaycan türkü. Türk Dünyasının türkü tanıma proqramı olmalıdır, o zaman inanıram ki, Güney Azərbaycan türkü güclü bir varlıq kimi ortaya çıxacaq. Dolan bulaq axmaq üçün özünə yer tapdığı kimi Güneyli türklər də dünyada öz sözünü deməyə, gücünü sübut etməyə imkan tapacaqlar. Unutmayaq ki, bu gün onların istinad nöqtəsi, qibləgahı olan Müstəqil Azərbaycan Respublikası var. Belə olan bir halda onları təklənmiş hesab etmək və ya belə qələmə vermək doğru olmazdı. Düzdü, molla rejimi kimi faşist bir qüvvə idarəçiliyindədilər, lakin güneylilərin 46 ildir bu azman rejimə qarşı savaşdığını da görməliyik. Sizin də oxuduğunuz və son günlər sıx-sıx fikir alış-verişi etdiyimiz "İran Hizbullah zindanında" tarixi faktlara əsaslanan romanda güclərin qeyri-bərabər olmadığı bir halda güneylilərin mübarizədən qalmadıqları bəllidir.
Sual: Təbrizli türklər haqqında geniş məlumat verərsinizmi?
Cavab: Təbrizli türklər məndən ötrü türkün ən üsyankar övladlarıdır. Bu mənim şəxsi fikrimdir, razılaşmaya bilərsiniz, amma mən fikrimdə qətiyəm. Açıq dünyagörüşlüyü ilə digər türklərdən çox fərqlənirlər. Bu Təbrizin Güney Azərbaycanın başkəndi olmasından, orda elm, ticarət və mədəniyyətin inkişafından da bu irəli gəlir. Digər tərəfdən inqilabçı ruhu təbrizlilərdə yüksəkdir. İnqilab etmək — köhnəni qəbul etməyib, olanla razılaşmayıb, onu vurub yıxıb yenisini ortaya qoymaqdır ki, bu da təbrizlilərdə bir fitrət kimi var. Yaxın tarixə nəzər salaq, İran tarixinə "Tütün üsyanı" kimi adı düşmüş üsyanı edən təbrizli gənc qadın Zeynəb Paşa idi. Bu üsyan bütün İranı bürüyəndə şah Rusiya, Fransa, İngiltərə ilə bağladığı tütün müqavilələrini pozmalı oldur, o zamankı xarici mətbuat Zeynəb Paşanın başı üçün küllü miqdarda pul qoyulduğunu yazırdılar. Bu haqda "Zeynəb Paşa üsyanı" essemdə yazmışam. Digər bir üsyan Səttarxan üsyanı, təəssüf ki, inqilabı edən türklər olsa da, bəhrəsini fasrlar gördü. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökümət. Təsəvvür edirsiniz, cəmi bir il yaşayan dövlət, bu bir il ərzində nələr etmədi. Torpaq islahatı — İran tarixində ilk dəfə və son dəfə ədalətli torpaq bölgüsü edib. Ordu yaratdı, Anadilli məktəblər açdı, universitet, opera, teatr və s. Bu təbrizlilərin qol və beyin əməlində nə qədər gücə malik olduğunun sübutudur.
Müsahibəni hazırladı:
Hacı Beytullah Mutlu