AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Doç.Dr.Mətanət Saraçlı - Yazıçı Eluca Atalının “Kəndini gətir” kitabına və filosof yazarın fəlsəfi miniatürlərinə dəyərlər kontekstində baxış - ÖZƏL

  • + A
  • - A
  • 1-11-2022, 09:14

    Doç.Dr.Mətanət Saraçlı - Yazıçı Eluca Atalının “Kəndini gətir” kitabına və filosof yazarın fəlsəfi miniatürlərinə dəyərlər kontekstində baxış - ÖZƏL


    Eluca Atalının “Kəndini gətir”
    kitabı və filosof yazarın fəlsəfi miniatürlərinə filoloji dəyərlər kontekstində baxış.


    BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi Kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
    “Xarı bülbül” mükafatı laureatı Mətanət Saraçlı Azadmedia.az-da İsveçdəki azərbaycanlı yazıçımız Eluca Atalının “Kəndini gətir” kitabını və filosof yazarın fəlsəfi miniatürlərini dəyərləndirib.



    “Təsadüfdən zərurət doğur” fikri çox vaxt həyatımzın müxtəlif məqamlarını müəyyənləşdirə bilir. Kitab barədə mülahizələrə keçməzdən əvvəl bu yazar xanımla beş-altı il əvvəl bir məclisdə tanış olduğumuzu vurğulamaq istərdim. Onu yaxından tanımağım isə 44 günlük vətən savaşı günlərinə təsadüf etdi. Hər birimiz qələmi süngüyə çevirib əsil vətəndaş mövqeyimizi ortaya qoyduğumuz vaxt mən bu vətənpərvər qadının yorulmaz, çoxaspektli fəaliyyətinə heyran qaldım. Ona qibtə etməklə bərabər, bir qeyrətli qızımızın Vətəndən uzaqlarda İsveçdə Vətən, millət təəssübü çəkməsindən böyük bir qürur duydum. İlk tanış olduğum kitabı “Kəndini gətir “ olsa da, onun 33 kitab müəllifi, bütöv Azərbaycan sevdalısı olduğunu sosial şəbəkələrdən öyrəndim və Asif Ata Ocağının layiqli övladı olduğunu gördüm.

    Asif Ata ideyaları ilə dərindən bilgim olmasa da, Atanı tələbəlik illərindən tanıyırdım. 80-ci illərdə bir tələbə yataqxanasında onunla keçirilən görüşdə qəfildən qapı açıldı və univeristetin partkomu tanımadığımız iki nəfərlə içəri girərək, Asif Atanı özləri ilə getməyə məcbur etdilər. Biz çaşqınlıq içərisində qalmışdıq. O səhnəni heç vaxt unutmadım. Həmin vaxtlarda Asif Ata bəzi fikirlərinə görə təqib olunurmuş.

    ”Azərbaycan birdir, bölünməz -” Ata ideyasına sadiq qalan Eluca xanım, “biz tarixin səhvlərini gəzdirməyə borclu deyilik. Vətəni bütövləşdirmək üçün Güney mövzusundan yazıram”- deyir. Bu cür fikirlərdən “İran hizbullah zindanında” əsəri və onlarla müsahibələr qaynaqlanır. Qeyd edək ki, yazar bu əsərə görə çox hədələrlə üzləşib.


    Qarabağ milli və bəşəri mövzumuzdur. Milli ağrılarımızı özündə ehtiva edən “Tiqranizm Xocalıda” və “Nalşəkilli mühasirə” əsərləri isə 11 min əhalisi olan şəhərin bir geçədə soyqırım qurbanı olmasını, yerlə yeksan olunmasını bütün dünyaya hayqırır.

    Düşmənə sevgi bəsləmək məntiqi baxımdan düz deyil.


    Sən ona görə onunla düşmən olursan ki, o sənə görə anti-insandır. Anti-insani olan sevilməz.

    “Nalşəkilli mühasirə” Andranik qoşunlarının Qarabağ yaxınlığında məhv edilməsinə həsr olunub.

    Eluca xanımın yaradıcılığında mövzu məhdudiyyəti yoxdur. Hər bir əsərin arxasında şəxsiyyətli bir yazar dayanmalıdır.

    “Qərbdə yazarlar necə yaşayırsa, onu yazırlar. Bizdə isə ikili dəyərlərlə yaşadıqlarından oxucu onun haqqında gizli mənbələrdən əldə olunanı doğru sayır.

    Gizlilik maraq artırır.


    Yazıçının gerçək həyatını pərdələyərək yazdığı əsər oxucuya lazımi qədər enerji ötürmür. Bunun nəticəsidir ki, bizdə oxucunu ardınca aparan əsərlər nadir hallarda yaranır. Söhbət oxucunu öz dairəsinə salan əsərdən gedir”

    “Təsvir mənaya, söz fikrə qulluq etməlidir” Ata kəlamı xanım-yazarın yuxarıdakı fikirlərinə söykək olur.

    Yazar mənəviyyat adamıdır. Özünü dərk edib mənəviyyatını, ruhunu çirkabdan təmizlərsə onun azad olmasında maneə ola bilməz. Yazarın uçuş səması siyasətçininkindən daha geniş, daha əngindir. Yazar əsərdə verdiyi ideya ilə bərabər sözün gözəlliyini, estetikasını yaradır. Bədii əsər insanın sözlə özünə ucaltdığı ən böyük abidədir.

    Yazarlar azad olmayan dünyadan özləri azad dünya yarada bilənlərdir.

    Eluca xanımın qazandığı 30 illik təcrübə və bilik bu gün onun “Yad dildə azadlıq nəğməsi” oxumasına yol açır. Azadlıq mövzusunu yaradıcılığının ana xəttinə çevirir.

    (“Bir udum Azadlıq”, ”Azadlıq” hekayələri “, "Yad dildə azadlıq nəğməsi" və s.)

    “Bir yazar nəyi görürsə, onun yoxluğunu hiss edirsə, ondan yazmalıdır. Azadlıq bütöv götürülməlidir. Maddi və mənəvi. O, verilmir, alınır”- deyir ,- Eluca xanım. Onu da deyir ki, həyata hər kəsin öz dünyasından baxmaq lazımdır.

    Ədəbiyyatda cığır acan, fəlsəfi-bədii miniatür janrını yaradan yazarın ilk miniatür kitabı “Adamdan üstün” dən sonra yaranan “Kəndini gətir” oxucunu ədəbi fəlsəfi fikirlərlə gerçək özünü tapmağa, bir yerdən başlamağa yönləndirir. ”Hərəkət olmayan yerdə həyat bitər”.

    Kitabdakı fəlsəfi miniatürlərin əsas mahiyyətini “Mütləqə inam fəlsəfəsi” təşkil edir.

    Mümkün olan yeganə çevrilmə insanın özünün dəyişməsidir.


    İnsan ancaq azadlığına hörmət göstərəndə sevinə bilir. Sevinə-sevinə, sevilə-sevilə sevdiyin şeyə çevrilirsən.

    Sizi yüksəklərə qaldıra biləcək bir şeyi sevin.
    Ancaq öz köklərinizdən yapışaraq.

    Çünki büdrədiyiniz an ən güclü küləklərin belə, sizə təsir etmədiyini görəcəksiniz. Məhz həyat belədir. Hər zaman olduğu kimi həyat həmişə təəccübləndirir və sürprizlərlə gəlir. Mütləq baxın. Görəcəksiniz ki, həyat sürprizlərlə doludur. Əgər bunu görə biləcək gözləriniz varsa hər şeyi burax, özün ol, özünü gətir! Mütləqə çat. Əllərin yanında, hava boşluğunda azad yellənə-yellənə...”

    Eluca xanım filosof yazardır. Onun bu kitabda miniatür adlandırdığı yazıların da hər biri bir fəlsəfi essedir. Məna yükünə və forma xüsusiyyətlərinə görə bir az fərqlidir.

    Eluca xanımın öz dünyası var. O, həmin dünyada, həmin aləmdə olanda bütün ətrafdan təcrid olunur. İnsanın özündən qiymətli ikinci dəyər nə ola bilər ki? Maddiyyat dəyərsizdir. Ona görə də kəndini gətir, deyir Eluca xanım. Yəni, özün mənim üçün hər şeydən dəyərlisən!

    Əbədiyyətə qovuşmaq üçün ruh təmiz olmalıdır. Ruhsa Mütləqə İnam fəlsəfəsinə görə inam, idrak, mənəviyyat və iradədən ibarətdir. Bu atributun bir vəhdətdə birləşməsi “insan dəyişməsə dünya dəyişməz” qənaətinə gətirir”.

    İnsanın yalnız pisini görüb yaxşı tərəflərini qiymətləndirə bilməyənlərə bir mesajdır, ölçüsüzlük.

    “Riyazi düsturlar belə, təbiət hadisələri qarşısında acizdir. 1+1 düsturu həmişə özünü doğrultmur. Əgər bir şirlə bir dovşanı eyni qəfəsə salsaq, bu düstur özünü doğrultmayacaq, şir dovşanı yeyəcək.” Məncə doğru yanaşmadır.

    Əksiliklərin vəhdəti və mübarizəsi qanununa etiraz edir yarananın yeni bir şey olduğunu açıqlayır.

    Fəlsəfi-bədii miniatür janrı az sözlə fikri ifadə baxımından bu günkü oxucular üçün aktual və əlverişli janrdır. Çünki bugünkü informasiya bolluğunda oxucu özünü çox yormaq istəmir.

    Şərq poeziyası ilə Qərb fəlsəfi esse janrının sintezindən yaranan bu janr bir az mənsur şeirə, bir az da sərbəst şeirə bənzəsə də fərqli xüsusiyyətləri var. Onu mənsur şeirə bənzədən yüksək bədiilikdirsə, sərbəst şeirə yaxınlaşdıran fikrin hakim rolunda çıxış etməsidir. Fikir poeziyası adlandırdığımız sərbəst şeirdə fikrin dinamikasına uyğun söz sistemi yaradılır və fikir harda bitirsə, qafiyələnmə də orda bitir. Ahəng vurğulu hecalar üzərində qurulur.

    Lakin miniatür janrında heç birində görüb duya bilmədiyimiz dərin fəlsəfə var. Hər fikrin batində bir mənası var. Yunus İmrə demiş, ”məndə bir mən vardır, məndən içəri”.

    Eluca xanım müsahibələrin birində deyir: -“Oxucu yaradıcı olmalıdır. Son nəticəyə qədər olan səbəbləri görməli, bilməli, dərk etməlisən. Mənim yaratdığım janr oxucudan düşünmək tələb edir. Tək əsəri oxuyan zaman yox, elə daim əsərlə birgə qalmağa imkan verir. Bu janr oxucuda az sözlə fikir ifadə etmək vərdişi yaradır, onu sözçülükdən xilas edir. İdeya beyindən, bədiyyat ürəkdən gəlir” Onunçün də bədii əsər isti olur. Çünki ürək daimi istilik mənbəyidir.


    Yerinə düşən sözü qoymasan, məna qədərincə oxucuya çatmır:

    “Özün gəl...

    Tək gəl, daha heç nə istəmirəm.

    Əllərin boş, yanında, havada yellənə-yellənə.

    Ayağın altında özgə cığırın izindən

    qalmasın torpaq.

    Təkcə dəniz kənarından keçəsi olsan,

    Onda gərək olmaz

    ayaqlarını yerə möhkəm vurasan.

    Nə lazım onları qumluğa zərblə çırpasan?

    Onsuz da qum özgə ayağa ilişib qalmaz.

    O doğmadır öz sahili üçün.

    Sən ayağını qaldırıb yeni ləpir salanda,

    O əvvəlki ləpirə sürüşüb düşər.

    Üsyan et, adamı özündən ayıranlara...

    O əl telefonunu sal sındır,

    çal daşa,

    baxma bahalığına!

    Əşyalar artıqca heçləşir insan.

    İnsanı özündən ayırır onlar.

    Ya da qapa, qoy bir kənara.

    Yad, kənar səsləri doldurma qulaqlarına.

    Saatını aç!

    Aç, tulla çox uzaqlara,

    lap gücün yetdikcə.

    Əgər dəniz kənarından gəlirsənsə,

    Ləpələrə qoş aparsın dərinliyə.

    Əgər evdən birbaşa gəlirsənsə,

    özünlə götürməyi heç düşünmə.

    Qoy qalsın masa üstündə,

    Ya da elə qaldığı yerdə,

    səni gözləyə-gözləyə!

    Zaman nədir ki, özünü ona təslim edəsən?

    Varlığını boş çərçivəyə pərçimləyəsən?

    Mən səni zamanla gözləmirəm.

    Özün gəl, tək özün!

    Əllərin yanında,

    hava boşluğunda azad oynaya-oynaya.

    Təkcə özümlüyünü özünlə gətir.

    Yolda çaşıb başqa səmtə dönməyəsən deyə!

    “Mütləqin tələbinə uyğun yaşa!” – deyirdi Asif Ata.

    Filosof-yazarın bütün fəlsəfi fikirlərinin nüvəsində Mütləqə İnam fəlsəfəsi dayanır.

    “Özünü öz baxışınla dəyərləndir, özgənin baxışıyla yox. Yetər ki, öz baxışın obyektiv olsun. Özünə yer tapa bilməyən narahat, narazı insanın sarsıntıları yad mühitdən qaçsa da, qaça bilmir. Bu sarsıntılar o yad mühitə meydan oxuyur. Özü ola bilməyənlərin dünyası uçan, dağılan dünyadı. Özünə çatanların dünyası isə əbədidir”, - deyir Eluca xanım.

    Birincilər dünya halı ilə yaşayanlar, ikincilər isə öz dünyası ilə yaşayanlardır.

    “Yenidən doğuş insanın özünü yaratması ilə bağlıdır. Özünü yaradan insan yenidən doğulur. Nədən insan yaranır? Çünki o bilir ki, daha böyüyünə nail ola bilər və bizim çalışmamız mütləqin tələbidir.”

    “Cəsarətə yönəlməkdən ötrü iradənin gücü ilə qorxunu aşmaq lazımdır. Cəsarətli olmaq üçün insan gərək ilk növbədə öz daxili gücünü aşkarlamalı, nəyə qadirliyinə bələd olmalıdır. Cəsarətli olmaq imtina qətiyyəti tələb edir. Az əhəmiyyətlidən keçib çox əhəmiyyətlini qazanasan gərək. Yalnız qorxudan ötən zaman azad bir insan ola bilərsən”.

    Xalqımız 44 günlük Vətən savaşı dönəmində məhz bu qorxudan ötdüyü, bu qorxunu yendiyi üçün qalib gəldi. Dünya qanında türk qanı axan hər bir Azərbaycan övladının cəsarətinə, azadlıq eşqinə heyran qaldı.

    “Türk özgə qapısında boynunu çiyninə qoyub ədalət diləməz. O, bir dəfə ayağa qalxıb ədaləti bərpa edər”. Bir fikir var “Türk tarix yaradır, amma yazmır.” Fəlakətimiz də burdan doğur. Tariximizi özgələr yazdığı üçün başımız bəlalar çəkir.” Atanın bu ideyaları Yazar xanımın ruhunda, canında yaşayır.

    İnsan xarakterini analiz edən yazar onun yalana münasibətini 3 qrupda təsnifləşdirir. Ən təhlükəlisi sonuncu qrupdur ki, onlar yalanları ilə doğrusunu anlaya bilməyənlərdir.

    Məxluq, adam , insan anlayışlarını fərqləndirən yazar birinci bölgüyə bugünlü, nə dünən, nə də sabahla bağlı düşüncəsi olmayanları daxil edir. Adam anlayışına keçmişini beynində yaradan, amma bu gündən artıq heç nə yarada bilməyənləri aid edir.

    İnsan anlayışına isə sabahlı, bugündə sabahını yaradanları şamil edir.

    Şöhrət və insan fəlsəfəsi “mən kim olmuşam şöhrət məni tapandan?” sualını ortaya qoyur. İnsan öz yükünü özü daşıyanda varlıqdır. Məxluq, adam, insan anlayışlarını fərqləndirən yazar əsil insanı sabahlı görmək istəyir.

    İnsan və mənəviyyat problemini fəlsəfi yazılarından ana xətt kimi keçirən Eluca Atalı insanı kamil görmək istəyir.” Kamil insan kamil cəmiyyəti formalaşdıra bilər” qənaətinə gəlir qan-gen yaddaşımızdan, klassiklərimizin yaradıcılığından süzülüb gələn bu ideyanı yeni janrda modern formada təqdim etdiyi üçün Eluca xanım yaradıcılığı oxucunu maraq dairəsinə çəkə bilir.

    “Nə qədər ki, adam daxilində ikilik gəzdirir, soyuq müharibələr qurtarmayacaq. Bu səbəbdən ki, insan ikiliyindən başlanır müharibə. Eyni zamanda hər kəsin içindən başlanır müharibə.” ”Sözünə hakimlik, özünə hakimlikdir.”

    “Təbiət kamil olsaydı, sənət əsərinə ehtiyac qalmazdı!”- deyir Eluca Atalı. Bu fikri-ideyanı hər an xatırladan xanım-yazar “təbiətin natamamlığını yalnız insan bütövlüyü tamamlayıb, insaniləşdirə bilər” fikrilə onun ideyasının bu günkü daşıyıcısı olduğunu bir daha təsdiqləyir.

    Ocağınız yanar olsun, Eluca xanım! O Ocaqda qovurduğunuz məna yüklü söz boğçanız dərin təfəkkür süzgəcinizdən yeni-yeni əsərlərə cığır açsın və Azərbaycanla Türkiyəni bütün dünyaya tanıtsın. Halal zəhmətinizlə qazandığınız “Beynəlmiləl Türk Ədəbiyyatına xidmət “ mükafatınız ana südü kimi halal haqqınızdır. Tutduğunuz haqq yolunda sizə yeni yaradıcılıq uğurları diləyirəm.


    Mətanət Saraçlı
    BDU-nun
    Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi
    Kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
    “Xarı bülbül” mükafatı laureatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR