Ana Dili – Milli İdeologiyanın Strateji Lövbəri - Jurnalist Ülkər Piriyeva
Ülkər Piriyeva
(politoloq/jurnalist)
Bakı, 1 avqust — Azadmedia.az
Müasir dövrdə milli təhlükəsizlik və dövlətçiliyin ideoloji dayaqlarından danışarkən, ana dilinin rolu istənilən cəmiyyət üçün danılmaz həqiqətdir. Ana dili sadəcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşı, mənəvi mirası və milli kimliyinin əvəzsiz qoruyucusudur.
Tarix boyu müxtəlif dövlətlər və xalqlar sübut etmişdir ki, dilin qorunması və inkişafı milli ideologiyanın formalaşdırılmasında strateji əhəmiyyət daşıyır. Dil itirildikdə milli ideologiya zəifləyir, xalq öz mənəvi sütunlarını itirir, nəticədə milli-mənəvi dəyərlər məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.
Azərbaycan nümunəsində ana dilinin dövlət statusunun qorunması, inkişafı və cəmiyyətin bütün sferalarında geniş tətbiqi məhz milli ideologiyanın əsas tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev ana dilini “milli varlığımızın əsası” adlandıraraq bu sahədə strateji xəttin əsasını qoymuşdur. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də bu strateji vəhdətin davamı kimi dəyərləndirilir.
Milli ideologiya bütöv bir xalqın gələcəyə baxışını formalaşdırır. Əgər bu baxış ana dili üzərində bərqərar deyilsə, milli ruhun daşıyıcıları arasında əlaqə zəifləyir. Bu baxımdan ana dilinin tədrisi, genişləndirilməsi, gənc nəsildə ona sevgi və hörmətin aşılanması yalnız mədəniyyət siyasəti deyil, həm də dövlətin milli təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi olmalıdır.
Bugünkü qloballaşma dövründə dilin sıradan çıxması təhlükəsi daha da aktuallaşır. Xarici təsirlər, texnoloji üstünlüklər, kütləvi informasiya vasitələri bəzən ana dili hesabına dominant mövqeyə sahib olur. Belə şəraitdə dövlətin, ziyalıların, media qurumlarının və valideynlərin üzərinə xüsusi məsuliyyət düşür ki, gənc nəsil öz ana dilində düşünməyi, yazmağı və özünü ifadə etməyi prioritet saymalıdır.
Bu baxımdan xüsusilə jurnalistlərin üzərinə mühüm missiya düşür. Çünki cəmiyyətin söz aynası, fikir tribunası məhz mətbuatdır. Jurnalistlər ana dilinin saflığının, ədəbi normalarının qorunmasında, dilin zənginliyinin təbliğində aparıcı rol oynayır. Yazılı və elektron mətbuatın dili nə qədər təmiz, qüsursuz və zəngin olsa, cəmiyyətdə ana dilinə hörmət də bir o qədər möhkəmlənir.
Hər bir jurnalist öz yazılarında, çıxışlarında, reportaj və şərhlərində dilin qaydalarına, üslubun səliqəsinə, milli söz xəzinəsinin qorunmasına həssaslıqla yanaşmalıdır. Mediada yanlış və korlanmış dil nümunələrinin artması gənc nəsildə də ana dilinə biganə münasibət yaradır. Ona görə də jurnalist peşəsinin məsuliyyət yükü təkcə informasiya yaymaqdan ibarət deyil — jurnalist həm də dil mədəniyyətinin qoruyucusudur.
Bununla yanaşı, mətbuat orqanları dilin zənginləşdirilməsi, yeni söz və ifadələrin cəmiyyətə düzgün təqdim edilməsi, ədəbi dilə yad ünsürlərin qarşısının alınması işində də daim təşəbbüskar olmalıdır. Ana dili ilə bağlı maarifləndirici layihələrin hazırlanması, dil mədəniyyəti rubrikalarının təşkili və ictimai diskursun səviyyəsinin yüksək saxlanılması bu missiyanın tərkib hissəsidir.
Milli ideologiya yalnız şüarlarla deyil, konkret fəaliyyətlə dəstəklənməlidir: ana dilində keyfiyyətli tədris, kütləvi informasiya resurslarının genişləndirilməsi, ədəbi dilin saflığının qorunması və inkişafı bu baxımdan əsas istiqamətlərdəndir. Dövlətin strateji hədəfi kimi ana dilinin statusu və rolu yalnız Konstitusiya ilə deyil, gündəlik praktiki addımlarla da möhkəmləndirilməlidir.
Nəticə etibarilə, ana dili və milli ideologiya vahid bir konseptual platformada birləşdikdə xalqın milli bütövlüyü təmin olunur, dövlətin suverenliyi ideoloji baxımdan daha dayanıqlı hala gəlir. Bu vəhdət hər bir vətəndaş üçün, xüsusən də qələm sahibləri üçün milli məsuliyyət və gələcək nəsillərə ötürüləcək ən qiymətli irsdir.