Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədriYenə səhəri azyaşlının dünyaya uşaq gətirməsi xəbəri ilə açdıq. Ucarda 15 yaşlı qızın ana olması faktı təkcə bir ailənin, cəmiyyətin faciəsi deyil. Bu, sistemli boşluqların, nəzarətsizliyin və vəzifəsinə məsuliyyətsiz yanaşmanın acı nəticəsidir. Bu cür hadisələr baş verəndə məsuliyyət yalnız valideynlərin üzərinə atılmamalıdır. Burada dövlət qurumlarının, xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə məsul strukturların fəaliyyəti ciddi şəkildə sual altına düşür.
Ən böyük problemlərdən biri məktəblərdə davamlı və sistemli monitorinqin olmamasıdır. 1-ci sinfə daxil olan qız uşaqlarının sonrakı illərdə təhsil taleyi izlənilmir. Halbuki, məktəb təkcə təhsil müəssisəsi deyil, həm də sosial nəzarət və erkən risklərin aşkarlanması üçün əsas platformadır. Şagirdin davamiyyəti zəifləyirsə, aylarla dərsə gəlmirsə, bu dərhal siqnal olmalıdır. Belə hallarda məktəb rəhbərliyi, sosial pedaqoqlar və yerli icra strukturları aktiv reaksiya verməlidir. Amma reallıqda bu mexanizmlər ya işləmir, ya da formal xarakter daşıyır.
“Dərsdə olmalı qız niyə aylardır axtarılmayıb?” sualı bu hadisənin mərkəzində dayanır. Bu, təkcə bir məktəbin deyil, bütövlükdə sistemin uğursuzluğudur. Əgər bir uşaq təhsildən kənarda qalırsa və bu, uzun müddət diqqətdən yayınırsa, deməli, məsul şəxslər öz funksiyalarını yerinə yetirmir.
Burada kadr məsələsi də ciddi problemdir. Bu sahədə çalışan bəzi şəxslərin peşəkarlıq səviyyəsi və məsuliyyət hissi yetərli deyil. Uşaq hüquqları kimi həssas sahədə “yerində olmayan kadrların fəaliyyəti” belə ağır nəticələr doğurur. Bu səbəbdən seçim və təyinat prosesləri yenidən nəzərdən keçirilməli, bu sahəyə həqiqətən hazırlıqlı və motivasiyalı mütəxəssislər cəlb olunmalıdır.
Təklif olaraq aşağıdakı addımlar zəruri görünür:**Məktəblərdə şagirdlərin davamiyyətinə dair real vaxt monitorinq sistemi qurulmalı və itkin davamiyyət halları dərhal araşdırılmalıdır.
**Ailə, qadın və uşaq məsələləri üzrə qurumlarla məktəblər arasında koordinasiya gücləndirilməlidir.
**QHT-lərin məktəblərə daxil olub müstəqil monitorinqlər aparması üçün hüquqi və inzibati maneələr aradan qaldırılmalıdır. Bu, şəffaflığı və hesabatlılığı artırar.
**Risk qrupuna daxil olan uşaqlar üçün erkən müdaxilə proqramları hazırlanmalı və tətbiq olunmalıdır.
**Məktəb psixoloqları və sosial işçilərin rolu gücləndirilməli, onların sayı və səlahiyyətləri artırılmalıdır.
Bu hadisə bir xəbər kimi yox, xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır. Əgər sistem dəyişməzsə, oxşar halların təkrarlanması qaçılmaz olacaq. Burada əsas məsələ günahkar axtarmaq yox, boşluqları aradan qaldırmaq və uşaqları qoruyan işlək mexanizm qurmaqdır